𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahani mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayanların maaşına isə 10 faiz aylıq əlavələr ediləcək. Proses 30 avqust - 1 sentyabr tarixlərini əhatə edəcək.
Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə ibtidai sinif müəllimləri cəlb edilib. Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim olunur. Hər bir düz cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir etmir. Cavablandırılmayan suallar isə sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə minimum 20 bal toplayan namizədlər sertifikatlaşdırılmış hesab ediləcək.
İmtahanda iştirak edən müəllimlər sualların çətin olmadığını bildiriblər.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Xəzər Xəbər"ə deyib ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşlarına təsir edəcək.
Hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək. İlk mərhələdə uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq. Təkrar sertifikatlaşdırmada iştirak edənədək həmin müəllimlərin dərs yükü və maaşları azaldılmayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin