ANmedia.az xəbər verir ki, konfransda Qobustan Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev və ispaniyalı mütəxəssis Manuel Rodrigez iştirak edib.
Çıxış edən qoruq direktoru Qobustan Tarixi-Bədii Qoruğunda aparılan son tədqiqat işlərindən danışıb:
"Hazırda davam edən layihə 2019-dan planlaşdırılmışdı. Lakin pandemiya arada fasilələr verməyimizə səbəb oldu. Amma bu il sırf bu layihə istiqamətində böyük işlər gördük. Nəticədə Qobustan qoruğunun Böyük daş dağının yuxarı ətrafında elmi-arxeoloji tədqiqatlar apardıq. Həmin ərazidə yerləşən Anazağa düşərgəsində ən son elmi-arxeoloji araşdırma ötən əsrin 60-70-80-ci illərində aparılıb. Burada tədqiqatlarımız nəticəsində 4-8 yaşlı uşağın ayaq sümüklərini aşkar etdik. Bu sümüklər, təqribi, Mezolit dövrünə aiddir".
İspaniyalı mütəxəssis Manuel Rodrigez isə Qobustan Tarixi-Bədii Qoruğunda aparılan tədqiqat işlərindən mənəvi zövq aldığını vurğulayıb:
"İtaliya, İspaniya və Azərbaycanlı mütəxəssislərin qoruqda müştərək çalışması çox yaxşı haldır. Və mən bu müştərək fəaliyyətdən zövq aldım. Anazağa mağarasının cənub divarlarında apardığımız araşdırma-tədqiqat işləri bizə bu ərazi haqqında yeni bilgilər aşıladı. Ərazidə həmçinin Neolit dövrünə aid mədəni təbəqələr aşkar etmişik. Bu təbəqə bizə aydın etdi ki, ərazidə maldar tayfaları yaşayıb", - deyə ispan mütəxəssis qeyd edib.
O, həmçinin aşkar edilmiş uşaq sümük qalıqlarının da tarixi əhəmiyyətinə toxunub:
"Biz, güman edirik ki, həmin sümük qalıqlarının digər qismi 70-ci illərdə aparılan araşdırma zamanı tapılıb. Sümüklərin aşkarlandığı yer, güman edirik ki, 10 min il əvvələ aiddir".
Manuel Rodrigezin sözlərinə görə, tədqiqat bundan sonra laborator şəraitdə davam edəcək.
Mətbuat konfransı bitdikdən sonra mütəxəssislərin iştirakı ilə qoruqda gəzinti təşkil edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin