“Azərbaycanda biosfer qoruqlarının yaradılması ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir”.
ANmedia.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, belə qoruqlar Cənubi Qafqazda ilk olaraq Azərbaycan ərazisində yaradılacaq:
“Bu qoruğun ərazisinə vətəndaşlar daxil ola bilərlər. Buraya yaxın ərazilərdə təsərrüfatla məşğul olan vətəndaşlar öz istehsal etdikləri məhsulların orqanik təmiz məhsul kimi satışını da həyata keçirə bilərlər. Məhdud olan tərəfi odur ki, burada xüsusi qorunan flora və fauna növləri olan ərazilərə daxil olmaq qanunla qadağan olunur”.
Xatırladaq ki, Azərbaycanda Zaqatala-Balakən biosfer qoruğunun yaradılması “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.
Sənəddə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və yerli icra hakimiyyəti orqanı birlikdə Zaqatala-Balakən biosfer qoruğunun gələcək idarəetmə planı ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin