Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi təbrik edib.
Anmedia.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, əziz qardaşım.
Qardaş Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Uca Tanrıdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə təhlükəsizlik və sabitlik yolunda daha böyük tərəqqi və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan möhkəm dostluq və həmrəylik tellərindən məmnunluğumu ifadə edir, müxtəlif sahələrdə əməkdaşlığımızı dəstəkləməyə, qarşılıqlı maraqlarımıza xidmət edən əlaqələrimizi qardaş xalqlarımızın mənafeyi naminə inkişaf etdirməyə hazır olduğumu bildirirəm.
Həmçinin ümumi maraqlar, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək digər məsələlərlə bağlı məsləhətləşmələrimizi beynəlxalq platformalarda, o cümlədən hazırda sədrliyini layiqincə yerinə yetirdiyiniz Qoşulmama Hərəkatında davam etdirməyə hazır olduğumu bir daha vurğulamaq istəyirəm.
Zati-aliləri cənab Prezident, əziz qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin