𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
“Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirlər çərçivəsində mülki və hərbi obyektləri yeni yerüstü xətlər vasitəsilə içməli su ilə təmin etməyi planlaşdırırıq. Burada elə anbarlar var ki, ümumiyyətlə istifadə edilməyib, içi torpaq və daşla doludur. Laçındakı şəbəkələri araşdırıb hansıların istismara yararsız və yaxud yararlı olduğunu bilməliyik.
Artıq böyük bir konteynerlə buraya ehtiyat hissələri, borular, lazımi avadanlıqlar, xüsusi texnika, mal-material gətirilib. Mütəxəssislərimiz buradadırlar və biz yeni alternativ yerüstü şəbəkə yaratmağa başlayacağıq ki, həmin obyektlərə maşınlar yox, şəbəkə vasitəsilə su daşıyaq, bu gün burada xidmət aparan hərbi və mülki şəxslərin su ilə təchiz edək. Artıq növbəti mərhələdə, digər ərazilərimizdə olduğu kimi, burada da fundamental işlərə başlayacağıq”, - deyə o qeyd edib.
“Əsas hədəfimiz budur ki, Laçın şəhərində olan bütün obyektlərimizi su ilə təmin edək. Kifayət qədər su var. Bu gün hələ artezianların təmir-bərpa edilib işə salınması haqqında düşünmürük. Alternativ mənbədən suyu Laçın şəhərinə gətirib çıxarmışıq. Yeni müvəqqəti yerüstü şəbəkələr yaratmaqla obyektlərə su verməyi təmin edəcəyik. Artıq bir neçə obyektə bu xətlərlə su verməyi düşünürük. Növbəti mərhələdə tələbata və sifarişə uyğun olaraq digər obyektlərə də su veriləcək. Sifarişlər çoxdur. Su istəyən həm mülki, həm hərbi obyektlər var. Ona görə də biz planlı şəkildə boruların hamısını su ilə təmin edəcəyik. Çalışacağıq ki, sentyabrın 10-na qədər bütün obyektləri su ilə təmin edək”, - deyə A.Cəbrayıllı əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin