“Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməlini qoyub. Kəndlərin ərazisi müvafiq olaraq 314 hektar və 178 hektar təşkil edəcək”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu “Report”a açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.
Onun sözlərinə görə, ümumilikdə Dədəli kəndində 1 050 ədəd, Pirəhmədli kəndində isə 565 ədəd fərdi yaşayış evləri tikiləcək:
“Qeyd etmək istərdim ki, hər bir evin həyətyanı sahəsi 1200 kv. m olacaq. Birinci mərhələ üzrə iki kənddə birlikdə 607 ədəd ev inşa olunacaq. Kəndlərdə sosial infrastruktur layihələri - məktəb, bağça, idman klubu, tibb mərkəzi, bazar, məscid, ticarət obyektləri də inşa olunacaq. Kəndlərdə tarixi ənənələri qorumaqla müasir üsluba malik olan istilik tutumlu evlər layihələndirilib.
Bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kəndlərdə tikinti işlərinin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır. Şəhərdaxili yolların ümumi uzunluğu - 87.34 km təşkil edir. İlkin mərhələdə 18.47 km uzunluğunda yolun inşası nəzərdə tutulub.
Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyatı təmin etmək üçün xüsusi hərəkət zolaqları mövcud olacaq. Prospektlər 4 zolaqlı, küçə və yollar isə 2 zolaqlı olacaqdır”.
Eldar Seyidov vurğulayıb ki, layihə Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, həmçinin, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur.
“Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. Qalan 20 faizinə xidmət göstərən su anbarı 2-ci mərhələdə inşa ediləcək. Bu su anbarın tikintisi ilə şəhərə köçəcək sakinlərimizin daimi su təchizatı təmin olunacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin