Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, dövlət başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoyub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.
Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.
“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin