Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilir.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-ın məlumatına görə, forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Forumda kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunduqdan sonra bölgədə böyük quruculuq işləri aparılır. Həyata keçirilən böyük infrastruktur layihələri, yolların, hava limanlarının inşası Azərbaycanın logistik imkanlarını genişləndirib. Bu imkanlardan region dövlətləri, o cümlədən dost ölkələr də yararlana bilərlər.
İşğaldan azad olunmuş ərazilər dövlət başçısı tərəfindən “yaşıl enerji” zonaları elan edilib. Bu ərazilərdə kənd təsərrüfatı əsas iqtisadi gücdür, aqrar sahənin inkişaf perspektivləri böyükdür. Hələ işğaldan əvvəlki dövrdə Qarabağ bölgəsinin böyük aqrar potensialı olub, burada heyvandarlıq və əkinçiliyin inkişafı üçün münbit şərait var. Torpaqların azad edilməsi ilə bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün yeni imkanlar yaranıb. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib-becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən, müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması həyata keçirilib.
Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının dörd daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər.
Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.
Forumda rəsmi şəxslərin çıxışları, ikitərəfli görüşlər, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya imkanları” mövzusunda xüsusi sessiya, bir sıra sənədlərin imzalanması və Şuşa şəhəri ilə tanışlıq nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin