Bu il Qarabağın minalardan təmizlənməsi üçün görüləcək işlər açıqlanıb.
Anmedia.az xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, minatəmizləmə əməliyyatlarının vaxtı – vaxtında və dəqiqliklə icra edilməsi üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir.
Onun sözlərinə görə, ötən il 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək, əməliyyatlara cəlb olunub: "Bu il üzrə də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulub və inanırıq ki, daha böyük miqyasda ərazilərin təmizlənmisinin öhdəsindən gələcəyik. Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb".
Sədr bildirib ki, ötən il imzalanan müqavilələrə əsasən bu il də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır:
"Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçən itlərin sayında əlavələr oldu. Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalandı, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin