Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən 22 iyul tarixində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədilə media nümayəndələri və onların ailə üzvləri üçün nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilib.
Azərbaycan Milli Mətbuatının 146 illiyilə bağlı daha bir sıra tədbirlər həyata keçirilib. 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş "Dahi ziyalımız Həsən bəy Zərdabi..." adlı virtual sərgi Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb. Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə görkəmli ictimai xadim, publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər Dumasının üzvü olmuş ziyalımız Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən bir qismi nümayiş etdirilir. Sözügedən sənədlərdə Həsən bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin, maarifçiliyin geniş vüsət alması üçün həyata keçirdiyi tədbirlər, ana dilində qəzetin açılmasına icazə verilməsi üçün dövrün hakimiyyət orqanlarına müraciətləri, həmçinin Duma üzvü kimi fəaliyyəti və s. əks olunub.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi 22 iyul -Milli Mətbuat Günü münasibətilə "Mediamız "Əkinçi"nin varisidir" adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx mərkəzin sosial hesabında təqdim edilib.
Videoçarxda Azərbaycanda mətbuatın təməlini qoyan "Əkinçi" qəzetinin yaranma dönəmi, tarixi, inkişafı haqqında geniş məlumat verilib. Qeyd edilir ki, ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin