Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada “Azərbaycan günləri” çərçivəsində təşkil olunan “Tretyakov Qalereyasının kolleksiyasından olan əsərlər” adlı sərgi ilə tanış olub.
Anmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xalq rəssamı Tahir Salahovun məşhur əsərlərinin sərgiləndiyi ekspozisiyada məşhur fırça ustasının “Qladioluslar”, “Qara Qarayevin portreti” və “Aydan” adlı əsərləri də təqdim olunur.
Ekspozisiyada Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında müxtəlif dövrləri əhatə edən əsərləri də yer alıb. Tahir Salahov Azərbaycana və Rusiyaya sevgini özündə birləşdirən bənzərsiz incəsənət xadimidir. Onun yaradıcılığında iki xalqın ənənələri öz əksini tapır. Görkəmli rəssam əsərlərində həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib.
Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova deyib:
“Biz rəssamın bütün dövr üçün əlamətdar olan “Abşeron qadınları” əsərini, həmçinin irihəcmli əsərlərini, böyük rus bəstəkarı Dmitri Şostakoviçin tələbəsi olan bəstəkar Qara Qarayevin portretini nümayiş etdiririk. Bu ekspozisiyaya Tretyakov Qalereyasının kolleksiyasından 7 əsər və bir sıra kolleksiyalardan əsərlər daxildir. Bu sərgi 2014-cü ildən bu binada nümayiş etdirdiyimiz trilogiyanın üçüncü hissəsidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin