
Florensiyadakı GADARTE Qalereyasında rəssam Rövşən Nurun “Tarixin izləri” adlı sərgisi açılıb. Layihə Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Sərgi mayın 15-dən 29-dək davam edəcək.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Azərbaycanın şəhər mənzərələri — qədim küçələr, dövrün ruhunu əks etdirən memarlıq və şəhər həyatının canlı atmosferi nümayiş olunur.
Sərgidə italyan motivləri də xüsusi yer tutur, Venesiya, hansı ki, müəllifin interpretasiyasında xatirələr, düşüncələr və sonsuz ilham şəhəri kimi çıxış edir.
Sərginin məkanında Azərbaycan və İtaliya mədəniyyətləri mükəmməl şəkildə birləşir. Bu bədii dialoq memarlıq, işıq, rəng və emosional ifadəlilik vasitəsilə açılır və tarixin heç bir sərhəd tanımadığını, incəsənətin isə müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanları birləşdirmək gücünə malik olduğunu vurğulayır.
Rəssamın özünün sözlərinə görə, tamaşaçının rəsmlərə yalnız baxması deyil, həm də onları həqiqətən hiss etməsi vacibdir.
“Məhz buna görə də hər bir əsərim insan həyatında iz qoyan yerlərin, insanların və anların xatirəsini qoruyub saxlayaraq daxili məna və emosional bir hekayə daşıyır”, - deyə R.Nur qeyd edib.
Rəssam, həmçinin ev sahiblərinə minnətdarlığını bildirib: “GADARTE Qalereyasında sərgim üçün yaradılmış fürsət və göstərilən dəstəyə görə Florensiya Bələdiyyəsinə (Comune di Firenze) və Sosial Təşviq üzrə Mədəniyyət Assosiasiyasına (Associazione Culturale APS) səmimi-qəlbdən minnətdaram”.
Rövşən Nur təxminən iyirmi ildir Estoniyada yaşayan azərbaycanlı rəssamdır. O, çoxsaylı beynəlxalq sərgilərin iştirakçısıdır, mütəmadi olaraq tədbirlər keçirir və burada avropalıları Azərbaycan incəsənəti və mədəniyyəti ilə tanış edir.




Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








