
Müasir dövrdə mədəniyyətlərarası dialoqda Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə ölkəmizdə təşkil olunan sərgilərin əhəmiyyəti böyükdür. Bu sərgilər müxtəlif mədəniyyətləri bir araya gətirərək, onların qarşılıqlı təsirini nümayiş etdirir, müxtəlif ölkələrdən gələn sənətkarlar və tədqiqatçılar arasında fikir mübadiləsini təşviq edir. Həmçinin, fərqli tarixi, coğrafi və sosial baxışları, müxtəlif etnik və mədəni qrupların təcrübələrini təqdim edərək, mədəni fərqliliklərin daha yaxşı anlaşılmasına şərait yaradır. Bu tədbirlər, bəşəriyyətin ortaq mədəni irsini anlamağa kömək etməklə yanaşı, mədəniyyətlərarası əməkdaşlıq və inteqrasiyanı da gücləndirir. Bu məqsədlə, son onilliyi nəzərdən keçirərək, ölkəmizdə təşkil olunan sərgilərlə bir daha tanış olaq.
2011-ci il iyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi təşkil edilmişdir. Sərgidə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlar və iş adamlarının şəxsi kolleksiyalarından olan 90-dan çox rəngli və ağ-qara fotoşəkil təqdim edilmişdir. Fotolarda Azərbaycanın zəngin mədəniyyəti, qədim memarlıq ənənələri və son dövrdəki sosial-iqtisadi inkişaf əks olunmuşdur.
2012-ci il martın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Fransa inciləri” adlı sərgi təşkil edilmişdir. Sərgidə Luvr və Orse muzeylərində, Versal Sarayında, Pompidu Mərkəzində, Marsel, Lion, Nitsa və digər şəhərlərdəki muzeylərdən seçilmiş, intibah dövründən müasir yaradıcılıq mərhələsinə qədər Fransa mədəniyyətini əks etdirən 400-dək nadir əsər təqdim olunmuşdur. Burada Edqar Deqa, Ogüst Roden, Anri Tuluz-Lotrek, Jan Batist Simeon Şarden, Ejen Delakura və Ogüst Renuar kimi məşhur rəssamların əsərləri nümayiş etdirilmişdir. 2012-ci il mayın 17-də Müasir İncəsənət Muzeyində “Afrovision–Afrikadan müasir incəsənət” adlı sərgi təşkil edilmişdir. Ekspozisiyada Afrikanın 7 ölkəsindən olan 11 rəssamın 63 əsəri təqdim edilmişdir. Sərgidəki əsərlər müxtəlif mövzulara, o cümlədən əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasına, müxtəlif mərasimlərə və Afrika folkloruna həsr olunmuşdur. 2012-ci il sentyabrın 15-də məşhur “Christie’s” hərrac evi Heydər Əliyev Fondu və “Yarat!” Müasir İncəsənət Məkanı ilə birgə Azərbaycanda ilk sərgisini təşkil etmişdir. Sərgidə “Christies”in London, Nyu-York və Dubayda keçirilən payız satışlarında iştirak üçün seçilmiş sənət əsərləri, əşyalar və eksponatlar, həmçinin “Christies”in kolleksiyasına daxil olan XVIII əsrə aid Qarabağ xalçaları da nümayiş olunmuşdur. 2012-ci il oktyabrın 11-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondu, Müasir İncəsənət Muzeyi və “Statoil” şirkətinin birgə layihəsi çərçivəsində “Statoil”un Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş “Üz-üzə” adlı portret sərgisi keçirilmişdir. Sərgidə 10 müxtəlif ölkəni təmsil edən 16 fotoqraf, heykəltəraş və rəssamın 63 əsəri nümayiş olunmuşdur.
2013-cü il iyunun 22-də Heydər Əliyev Fondu və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Vorholun “Həyat, ölüm və gözəllik” mövzusunda sərgisi təşkil olunmuşdur. Sərgidə rəssamın 100-dək əsəri və qısa filmləri nümayiş etdirilmişdir.
2014-cü ilin may-oktyabr aylarında Heydər Əliyev Mərkəzində məşhur fransız rəssamı və heykəltəraşı Lorens Cenkellin fərdi sərgisi təşkil edilmişdir. Müəllifin 27 əsərinin təqdim edildiyi sərgidə müxtəlif ölkələrin bayraqlarının konfet şəklində heykəlləri nümayiş olunmuşdur. 2014-cü il mayın 17-də Heydər Əliyev Mərkəzində fotoqraf və rejissor Adrian Şternin “Afrikanın Vəhşi Təbiəti” adlı sərgisi təşkil edilmişdir. Vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə diqqəti çəkmək məqsədi daşıyan sərgidə müəllifin Afrikanın flora və faunasını əks etdirən 35 əsəri təqdim edilmişdir. 2014-cü il mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycan milli ornamentləri əsasında hazırladığı kolleksiya təqdim edilmişdir. Layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək və eyni zamanda Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaq idi.
2016-cı ilin iyun-noyabr aylarında Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış rəssamlarından biri olan Coze Kondonun fərdi sərgisi təşkil olunmuşdur. Sərgidə rəssamın 70-dən çox əsəri, o cümlədən rəssamlıq və heykəltəraşlıq nümunələri nümayiş etdirilmişdir. 2016-cı il oktyabrın 28-də Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı sərgisi keçirilmişdir. Sərgi Şərqi Avropa regionunda ilk dəfə olaraq təşkil olunmuşdur. 2016-cı il dekabrın 27-də Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilmişdir. Sərgidə 16 ölkədən 60 rəssam və heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilmişdir.
2017-ci il martın 17-də “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Heydər Əliyev Fondunun və Macarıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə macar rəssamı Ferents Ayzenhutun rəsm sərgisi və qala konserti keçirilmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində Ferents Ayzenhutun Bakıda, Qafqazda çəkdiyi rəsmlərdən 26-sı “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilk dəfə nümayiş olunmuşdur. 2017-ci ilin oktyabrın 6-dan 2018-ci ilin aprel ayının 5-nə qədər Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisi təşkil edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu sərgi Bakıda ilk dəfə olaraq nümayiş edilmişdir. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından olan 100 geyim nümunəsi və 350 aksesuar təqdim olunmuşdur.
2018-ci ilin fevral-may aylarında Muxa Fondu ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev Mərkəzində “Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi təşkil olunmuşdur. Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda 80-dən çox əsəri– rəsmlər, fotolar, afişa və plakatlar təqdim edilmişdir. 2018-ci ilin aprel-oktyabr aylarında Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Bəşəriyyət. Vizual səyahətə dəvət” adlı fərdi sərgisi keçirilmişdir. Müəllifin 60-dək fotosunun nümayiş olunduğu bu sərgidə Reza Deqatinin müxtəlif illərdə Azərbaycan, Çin, Əfqanıstan, Fransa, Misir, Türkiyə və digər ölkələrdə çəkdiyi fotolar yer almışdır. Fotolar müxtəlif ölkələrdə ayrı-ayrı mədəniyyətə, talelərə sahib olan insanların hekayələrini, onların hisslərini əks etdirmişdir. 2018-ci ilin iyun-dekabr aylarında Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında “Moda məkanı” sərgisi təşkil olunmuşdur. Təbiət və dəbin vəhdətinə həsr olunmuş sərginin ekspozisiyasında XVIII-XXI əsrlərə aid 400-dək eksponat– geyim və aksesuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa və zinət əşyaları nümayiş olunmuşdur. 2018-ci il iyulun 19-da Heydər Əliyev Fondu, Florensiyanın Uffitsi Qaleriyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəni İrs, Mədəni Fəaliyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki Səfirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində görkəmli elm xadimi, böyük sərkərdə və şair Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərgi təşkil olunmuşdur. Sərginin ən çox maraq doğuran eksponatları Florensiyanın Uffitsi Qaleriyasından ilk dəfə Azərbaycana gətirilən Kristofano DellꞌꞌAltissimonun müəllifi olduğu Şah İsmayıl və oğlu Şah Təhmasibin orjinal portretləri olmuşdur.
2019-cu ilin fevral-may aylarında Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi təşkil olunmuşdur. Ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış avanqard kolleksiya nümayiş olunmuşdur. Ümumilikdə 60 əsərin yer aldığı ekspozisiya özündə 2016-cı və 2017-ci illərdə Moskvada nümayiş olunan "Zamanında. Birinci hissə" və "Zamanında. İkinci hissə" sərgilərinin eksponatlarını birləşdirmiş və rus avanqardının 1900-cü illərin əvvəllərində formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərində tənəzzülünə qədər olan dövrü əhatə etmişdir. 2019-cu il mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” adlı sərgisi təşkil edilmişdir. Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox rəsm əsəri və heykəl nümayiş etdirilmişdir. 2019-cu il mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərginin açılış mərasimi keçirilmişdir. Sərgidə 300-dək eksponat təqdim edilmişdir. Ekspozisiyada qədim Azərbaycan incəsənəti, məişət əşyaları, fotosənədlər, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalar, həmçinin Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri və Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş 6 əsəri nümayiş olunmuşdur. 2019-cu il sentyabrın 17-də Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi təşkil edilmişdir. Sərgidə Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya təqdim edilmişdir. Ekspozisiyada XVIII-XX əsrlərə aid 31 ölkəyə məxsus 200-dək musiqi aləti nümayiş olunmuşdur. Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixini əks etdirən 50-dək milli musiqi aləti nümayiş etdirilmişdir. 2019-cu il sentyabrın 30-da Nəsimi–şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi təşkil edilmişdir. Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əsərləri nümayiş etdirilmişdir. 2019-cu il oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi təşkil edilmişdir. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunmuşdur.
2022-сi il iyunun 28-də Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş sərgi təşkil edilmişdir. Sərgidə dünyaşöhrətli fotoqraf Reza Deqatinin müxtəlif illərdə Azərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi poetik və duyğulu fotoları nümayiş olunmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan bu sərgilər mədəniyyət-lərarası dialoqun inkişafına və müxtəlif mədəniyyətlərin bir-birini daha yaxşı anla¬ma¬ğa böyük töhfələr vermişdir. Hər bir sərgidə müxtəlif xalqların mədəniyyətləri təb¬liğ edilərək, qlobal səviyyədə birliyin və qarşılıqlı hörmətin vacibliyi vurğulanmışdır. Bu sərgilər yalnız mədəniyyətlərin nümayişi ilə məhdudlaşmır, həm də müxtəlif ölkələr və xalqlar arasında dərin əlaqələrin qurulmasına şərait yaradır. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və eyni zamanda dünya mədəni irsinin ölkəmizdə təbliği istiqamətində bu tədbirlər böyük əhəmiyyət kəsb edir.
İstifadə olunmuş mənbə
Heydər Əliyev Fondunun internet resurslarından və ADPU-nun Heydər Əliyev Mərkəzinin tabeliyindəki Heydər Əliyev Muzeyinin materiallarından istifadə olunub.
Aynurə Əsgərova
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin