Qeyd edək ki, o, "Qaya" qrupu yaranandan bu günədək fəaliyyətini davam etdirən yeganə solistdir. Eyni zamanda, 2022-ci ildən etibarən Azərbaycan Milli konservatoriyasında populyar musiqi və caz kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
Bu günki müsahibimiz də elə Ş. Səfərəliyevadır. Müsahibəmizi oxuculara təqdim edirik:
- Şölə xanım, "Bəri Bax” ansamblından “Qaya”ya keçən və bu günə qədər orada oxuyan yeganə solist kimi tanınırsınız. Bu sadiqlik nədən irəli gəldi? Yəni sizi orada saxlayan nə oldu?
- Bəli, o vaxtdan "Qaya"ya keçən və bu günə kimi fəaliyyət göstərən yeganə solistəm. Ümumiyyətlə, xarakter baxımından başladığım bir işi sona çatdıran insanam. Qarşıma məqsəd qoymuşamsa, həmin məqsədə mütləq şəkildə doğru addımlarla çatmağa can atıram. Bu günə qədər orada fəaliyyət göstərməyimin əsas səbəbi ustadıma olan hörmətimdən və peşəkarlığına olan sevgimdən irəli gəlir. Dəfələrlə olurdu ki, rəhbərimiz yeni gələn heyətlə xatirələrini bölüşürdü. Və anlayırdı ki, həmin məqamda köhnə heyətdən məndən başqa heç kəs yoxdur. Özü həyatda olmasa da, ustadımın yolunu davam etdirirəm. Nə qədər ki, "Qaya" qrupu var orada solist olaraq fəaliyyətimi davam elətdirəcəm.
- Hazırda fəaliyyətiniz nə yerdədir? Yeni işlər görürsünüz?
- Hazırda həm "Qaya" dövlət ansamblının solisti olaraq fəaliyyətimi davam elətdirirəm, həm də Azərbaycan Milli Konservatoriyasında pedoqoji fəaliyyət göstərirəm. Eyni zamanda, solo fəaliyətim də fasiləsiz olaraq davam edir. Yeni klip çəkmişik və mövsümə bir neçə mahnı ilə start vermişik. "Heydərbabaya salam", "Möcüzə" mahnıları dinləyicilər tərəfindən sevildi. Hazırda "Səni bir də görərdim" mahnısına klip hazırlanır və yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.
- Bu günki dövrdə bir çox ifaçılar təhsili, sənəti olmasa belə sosial şəbəkələrdə məşhurlaşırlar. Buna münasibətiniz necədir?
- Sosial şəbəkələrdə məşhurlaşmaq dəb halı alıb. Amma, sevilərək fəaliyyətini davam etdirmək daha yaxşıdır. Şərt tanınmaq yox, tanınmağı müsbət yöndə inkşaf etdirməkdir. Ümumiyyətlə, hər bir sahədə savad daha vacibdir. Məşhur ola bilərsən, lakin o məşhurluq sevilmək və sənətdə dəyərli biri olmaq demək deyil.
- Müsahibələrin birində caz musiqisinin azərbaycanlılara yad olduğunu, eyni zamanda Avropa düşüncəli gənclərin seçimi olduğunu vurğulamısınız. Hələ də düşününürsünüz ki, ölkədəki gənclərdə avropalaşma və inkşaf yoxdur?
- Caz musiqisi əlbətdə ki, Avropa musiqidir. Nəzər yetirsək görərik ki, Azərbaycan musiqisi muğam və mono musiqidir. Caz bizim qanımıza və təbiətimizə yaddır. Bu o demək deyil ki, bu musiqi ölkədə sevilmir. Gənclərimizin Avropalaşması və inkşafına qaldıqda isə müasirləşmə artıq gənclərdə özünü göstərir. Təbii ki, hər şeydən öncə təhsil dayanır. Biz hansısa qapalı bir şəraitdə övladımızı böyüdəcəyiksə, ondan hansısa yenilik gözləmək absurddur. İnsan yeniliklərə açıq olduqca, nəzərdə tutduğumuz inkşaf da, müasirləşmə də özünü göstərəcək.
- Sizə görə "Qaya” dövlət ansamblının digər ansambıllardan fərqləndirən cəhət nədir?
- "Qaya" yeganə dövlət ansamblıdır ki, 60 ildən çoxdur dayanmadan fəaliyyət göstərir. Bu, bir çox janrları özündə cəmləşdirən bir musiqi kollektividir. Cazdan tutmuş bəzi muğam ifalarına qədər ansamblımızda rast gəlmək olar. Azərbaycan müstəqil olandan sonra gördük ki, bir çox kollektivlər uzunömürlü olmayıb və hələ heç biri də dövlət statusu almayıb.
- Ansambl solisti olmağının fərqli cəhətlərindən danışardınız...
- Solo oxuyarkən hər kəsin gözəl səsi ola bilər. Lakin ansamblda sən komanda şəklində fəaliyyət göstərirsən. Hər şeydən əvvəl güclü qulaq duyumun olmalıdır ki, ifa edərkən sənə verilən dəqiqələrdə çaşmayasan. Bu, ifaçıdan xeyli peşəkarlıq və istedad tələb edir.
- Bildiyim qədər filmlərdə də rol almısınız...
- Bəli, "Məlikməmmədin nağılı" filmində rol aldım. Həmin filmdə mənə fransız xanımı canlandırmaq həvalə olunmuşdu. Düşünürəm ki, öhdəsindən uğurla gəldim. Nicat Kazımovun "Zoluşka" televiziya tamaşasında da "İspan şəhzadəsi" rolunu canlandırdım. Üz cizgilərimə görə məni daha çox xarici xanımlara bənzədirlər.
Havar Şəfiyeva
Yeniazerbaycan.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin