Tanınmış yazıçı-psixoloq Rövşən Abdullaoğlunun ssenarisi əsasında “Bu şəhərdə kimsə yoxdur” serialının çəkilişlərinə başlanılıb.
ANmedia.az xəbər verir ki, “Qədim Qala” nəşriyyatı, “Xəzər” TV və “KAC Qrup Media”nın birgə layihəsi olan serial artıq fevral ayında izləyicilərə təqdim olunmağa başlanacaq.
Müəllifin dediyinə görə, psixoloji dram və triller janrlarında olacaq filmin ssenarisi əsasən oxuculara artıq yaxşı tanış olan "Bu şəhərdə kimsə yoxdur" romanının və hələ çap olunmamış yeni bir romanın motivləri əsasında yazılıb. Romandan fərqli olaraq serialda cərəyan edən hadisələr Azərbaycan reallığına uyğunlaşdırılıb.
Serialın çəkilməsində əsas məqsəd Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği və gənc nəslin bu ruhda tərbiyə edilməsidir. Filmin ilkin mərhələdə 40 seriyada olması planlaşdırılır.
“Xəzər” TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazovdur. Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev və Rasim Cəfər, aktyor-rejissor Əbdülqəni Əliyev, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə, Ləman Mərrih və digərləri canlandıracaqlar.
Qeyd edək ki, Rövşən Abdullaoğlunun "Bu şəhərdə kimsə yoxdur" romanı oxucuların böyük sevgisini qazanıb. Roman 2016-2018-ci illərdə Azərbaycanda yerli və xarici müəlliflər arasında ən çox satılan kitabların siyahısında öndə gedib. Bu səbəbdən bestseller roman 27 dəfə təkrar nəşr edilib.
R.Abdullaoğlu ABŞ-nin “Readers Favorite” beynəlxalq ədəbi müsabiqəsinin qızıl medal mükafatçısı, 2023-cü ildə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində "Ən çox oxunan müəllif" nominasiyasının qalibidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin