Noyabrın 5-də Nyu-York şəhərindəki Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev açaraq, qala-konsertin Azərbaycan üçün önəmli olan bir tarixdə - Zəfər Günü ərəfəsində təşkil olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib.
Komitənin sədri Fuad Muradov çıxışında Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdıran dünya azərbaycanlılarının tarixi zəfərin əldə olunmasında böyük payı olduğunu bildirib, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib.
Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti və dünya azərbaycanlılarının həmrəyliyi ilə əldə olunmuş böyük zəfərin birinci ildönümü münasibətilə bu günlərdə dünyanın bir çox yerlərində olduğu kimi, ABŞ-da da bir sıra tədbirlərin keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycan-Amerika Musiqi Fondu və Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə baş tutan müsabiqənin məqsədi dünyada dahi bəstəkar Üzeyir Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdən ibarətdir.
Tədbirin sonunda amerikalı musiqiçi Nigel Smitin Azərbaycan dilində səsləndirdiyi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin