Türkiyənin İstanbul şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Bəzi saylar tarix yazar - 44 gün, 44 şəhid” mövzusunda anım mərasimi keçirilib.
Anmedia.az Report-a istinadən xəbər verir ki, mərasim “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, İstanbul şəhəri Sancaktəpə Bələdiyyəsi, Türkiyənın Dostluq-Bərabərlik-Sülh Partiyası, Milli Müdafiə Universitetinin Fatih Hərb Tarixi İnstitutu, Türkiyə Parlamentarilər Vəqfi və digər qurumların dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycanın Vətən müharibəsində həlak olmuş 44 şəhidinin ailə üzvləri, Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Sancaktəpə Bələdiyyəsinin sədri Şeyma Doğucu, Milli Müdafiə Universitetinin Fatih Hərb Tarixi İnstitutu professor Bünyamin Kocaoğlu, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova, Türkiyə Parlamentariləri Vəqfindən professor Osman Köse, Cumhur İttifaqının İstanbulun rayonları üzrə sədrləri və digər şəxslər iştirak ediblər.
Əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi və bu savaşda əldə olunan şanlı Zəfəri özündə əks etdirən videoçarx nümayiş olunub.
Çıxışçılar Türkiyə-Azərbaycan birliyi və qardaşlığından bəhs edib, şanlı Qarabağ Zəfərini bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndiriblər.
Azərbaycanın media nümayəndələrinə müsahibə verən şəhid anaları səfərin təşkilatçıkarına minnətdarlıqlarını ifadə edib, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətənimizin bütövlüyü uğrunda canından keçən övladları ilə qürur duyduqlarını deyiblər.
Qeyd edək ki, tədbirdə iştirak məqsədilə şəhid ailələri iyunun 8-dən 10-dək İstanbulda olub, şəhərin tarixi-mədəni yerlərini ziyarət ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin