Ünlü bəstəkarın yalnız Azərbaycanda deyil, dünya miqyasında tanınan Respublikanın xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin yubiley tədbirləri çərçivəsində iyunun 2-də Milli kitabxanada bəstəkarla görüş oldu.
Əslində bu görüş Firəngiz xanımın əsərlərinin nəşrindən, audio və video disklərinin sərgisindən təşkil olunmuşdu. Bu yaradıcılıq sərgisində Firəngiz Əlizadənin qələmə aldığı Qara Qarayev və digər kitabları eyni zamanda müxtəlif müəliflərin Firəngiz xanımın həyat və yaradıcılığından bəhs edən kitabları sərgiləndi.
Tədbiri giriş sözü ilə açan Milli kitabxananın direktoru, professor Kərim Tahirov bəstəkarın yaradıcılığından, onun dünya musiqiçiləri tərəfindən yüksək səviyyədə dəyərləndirilməsindən bəhs edərək sözü Firəngiz xanıma verdi. Görkəmli bəstəkar tədbir iştirakçıları ilə yubiley günlərinin xoş təəssüratını bölüşərək onları yaradıcılığının maraqlı məqamlarından söhbət açdı.
Dünyanın müxtəlif konsert salonlarında məşhur musiqiçilərlə görüşlərindən,onlarla bir səhnədəki çıxışlarından, əsərlərinin ifasından və ən başlıcası məşhur musiqiçilərin, dünya miqyaslı musiqi kollektivlərinin ona əsərlər sifariş etməsinin tarixçəsini açıqladı. Bəlli oldu ki, Firəngiz xanım haqqında Amerika, Fransa, Almaniya, Çin və digər ölkələrin nəinki ifaları, hətta musiqi tədqiqatçıları belə dəyərli fikirlər söyləyib, onun barəsində kitablar qələmə alıblar. Alman, ingilis, rus və türk dillərində nəşr olunan kitablar buna əyani misaldır. Bəstəkar özü ilə ən məşhur musiqi şirkətlərində nəşr olunan kompakt diskləri də nümayiş etdirib, onların hər biri haqqında ətraflı məlumat verdi.
Bir sözlə Firəngiz Əlizadənin əyani misallarla ətraflı çıxışı onun dünyadakı nüfuzunun Azərbaycan musiqi mədəniyyəti və musiqi tariximiz üçün mühüm əhəmiyyətinin ən yüksək göstəricisidir. Bu fikrin daha bir əyani sübutu Firəngiz xanım haqqında təqdim olunan qısa metrajlı filmdə də öz əksini tapdı.
Firəngiz Əlizadənin yubiley tədbirlərində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən musiqiçilər və musiqi xadimləri ölkəmizdə qonaqdırlar. Milli kitabxanada keçirilən tədbirdə də Almaniyanın məşhur nəşriyyat evinin direktoru Qabrilye Tesner iştirak edirdi.
Tədbirdə çıxış edənlər Əməkdar incəsənət xadimləri, professor İmruz Əfəndiyeva, Zemfira Qafarova, Akif Quliyev və Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gunay Məmmədova da Firəngiz Əlizadənin sənətkarlığını, insani dəyərlərini və ictimai fəaliyyətinin aliliyini qeyd edərək bəstəkara uğurlar arzulayıb onu yubiley münasibəti ilə təbrik etdilər və bu görüşdən xoş təəssürat aldıqlarını söylədilər. Tədbirdən demək olar ki, hamı xoş təəssüratlarla və bəstəkarın imzası ilə onlara hədiyyə olunan kitablarla ayrıldılar.
SƏADƏT TƏHMİRAZQIZI
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin