Azərbaycan Respublikasının xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenli, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, ölkə Prezidentinin fəxri diplomu ilə təltif olunan Firəngiz Əlizadənin yubiley tədbirləri uğurla davam edir.
İyunun 1-də Beynəlxalq Muğam Mərkəzində bəstəkarın əsərlərindən ibarət konsert keçirilib. Tədbirdə Rastropoviçlər ev-muzeyinin icraçı rəhbəri, musiqişünas Gunay Əliyeva çıxış edərək Firəngiz Əlizadənin yaradıcılığı haqqında müfəssəl məlumat verdi. Təbrikə gələnlər içərisində Ü.Hacıbəyli ad BMA-nın tədris hissə prorektoru, professor Nərminə Əliyeva Firəngiz Əlizadəni təmsil etdiyi musiqi ocağının rəhbərliyi, kollektivi adından təbrik etdi.
Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi və dirijorluğu ilə Q.Qarayev adına Kamera orkestrinin və solistlərin ifasında Firəngiz Əlizadənin dünyanın məşhur konsert salonlarında səslənən əsərləri təqdim olundu. Onu da qeyd edək ki, bir necə solist məhz xaricdən gələn musiqiçilər idi.
Onur Özkan (kontrabas, Türkiyə), Margis Kuplais (violonçel, İsveçrə), Boris Paşkin (vibrafon). Konsertdə müxtəlif illərdə yazılan əsərlər ifa olundu. “Methamorfosis” (2002. Simli orkestr üçün), “Sirius” (2015.Solo vibrafon üçün), “Deyişmə II” (2005. Kontrabas, tabla və kamera orkestri üçün), “Oyan!” (2005. Solo violonçel üçün), “Dance” (2016. Kamera orkestri üçün).
Bəzi əsərlər Bakıda ilk dəfə səsləndi.