Mədəniyyət naziri Anar Kərimov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb.
Nazirlikdən Anmedia.az-a verilən xəbərə görə, görüş zamanı Mədəniyyət Nazirliyi və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həyata keçirilən beynəlxalq layihələr və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə söhbət aparılıb.
Nazir Anar Kərimov Avropa İttifaqı ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Avropa İttifaqının dəstəyindən söz açan nazir bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını ifadə edib.
Görüş zamanı Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb.
Anar Kərimov "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və İSESKO tərəfindən dəstəklənən bu layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olmasıdır. Bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kompaniyası ilə dünyaya çağırış edir. Anar Kərimov Avropa İttifaqını Nazirliyin irəli sürdüyü bu kimi bir sıra beynəlxalq təşəbbüslərdə iştiraka dəvət edib.
Səfir Peter Mixalko qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanla mədəniyyət sahəsində həyata keçirilən layihələrə böyük önəm verildiyini və bu münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin