Gözəlliyə can atmaq hər zaman insan xislətinə xas olmuşdur. Buna görə də, dünyanı incəsənətsiz təsəvvür etmək çətindir. Bəs təsviri incəsənət necə yaranmış və hansı şərtlər altında inkişaf etmişdir?
Təsviri incəsənətin yaranma səbəbi ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. “Şellinq nəzəriyyəsi” - elmi aləmdə “Oyun nəzəriyyəsi” adlanan bu nəzəriyyəyə görə, təsviri incəsənət ibtidai insanın asudə zamanda məşğul olduğu əyləncə prosesində yaranmışdır. Alman filosofu Fridrix Şellinq “İnsanın estetik tərbiyəsi haqqında” yazılarında ibtidai incəsənətin yaranma məsələsinə estetikanın oyun nəticəsində tərbiyə edilməsi istiqamətindən diqqət ayırmışdır. Şellinqə görə, ibtidai insan nəyisə təsvir edərkən psixomotor hərəkətlər nəticəsində “əzələ həzzi” yaşayır və bu zaman cızdığı cizgilərdən heyranlıq duyur. Beləliklə, bu nəzəriyyəyə görə, “təbii” və “şüurlu” məxluq arasındakı sərhədi oyun nəticəsində formalaşan incəsənət götürə bilər. Digər fikir isə “Əl nəzəriyyəsi”dir. “Ovsun nəzəriyyəsi”nə görə isə təsvir olunan obyekt insan üçün həyati əhəmiyyət kəsb edirdi. Yəni həyatda qalmaq üçün ova getməzdən öncə heyvanın təsviri ovsunlanırdı. Bu nəzəriyyə “Qızıl nəzəriyyə” adlanır və onun təməlində ingilis etnoloq və folklorçu Ceyms Freyzerin ideyası durur. Tərəfdarlarına görə, məhz yaşama uğrunda mübarizə insanı təsvir yaratmağa sövq etmişdir. Nəzərə alsaq ki, Üst Paleolitə aid bu təsvirləri Homo sapiens (şüurlu insan, ağıllı insan) yaradıb, onun gözəllikdən zövq alma, əylənmə ehtiyaclarının da mövcud ola bilmə ehtimalı vardır. Fiziki və mərkəzi sinir sistemi inkişaf etmiş insan artıq əlini qayaya həkk edərək öz varlığını, digər canlılardan fərqini dərk edərək “mən burda olmuşam” məlumatını özündən başqalarına xəbər vermə düşüncəsinə də sahib ola bilərdi. Nəhayət, ətraf mühitdə baş verənləri qavramağa başlayan bütün varlıqların doğulduğunu sonra isə öldüyünü müşahidə edən, nəsil qayğısına qalma qabiliyyətinə malik sapiens doğmasından ayrılmaq və ölmək istəmədiyi üçün axirət dünyasına inanmağa başlayır. Bu inam ilk dini təsəvvürlərin rüşeymi olur. Bu nəzəriyyələr təsviri sənətin yaranma səbəbi ilə bağlı fərziyyələrdir.
Təsviri sənətin yaranma səbəbinin hansı ehtiyacdan baş verməsini anlamaq üçün həm insanın təkamül prosesinə, həm də ibtidai insanın yaşadığı mühitin təbii şərtlərinə diqqət etməliyik. Alt Paleolit zamanı Homo habilis yaşayırdı və heç bir incəsənət nümunəsi yaratmamışdır. Orta Paleolitdə Homo erektus müəyyən bacarıqlara yiyələnir, onların beyni kiçik olur və intellektə sahib olmurlar. Buna baxmayaraq, bəzi alimlər düşünür ki, şərti olaraq “Berexat-Ram Venerası” və “Tan-Tan Venerası” adlanan antropomorf daş parçalarının forması heç də təbii forma deyil və onları neandertal insan yaratmışdır. Lakin həqiqi incəsənəti Üst Paleolitdə yaşayan Homo sapienslər yaradır. Son buz dövrünün hökm sürdüyü bir zamanda təbiətin sərt şərtləri ilə mübarizə prosesində sapiensin intellekti yüksəlir, çünki fiziki fəaliyyət birbaşa sinir sistemini təkmilləşdirir. Fransanın Lasko, İspaniyanın Altamira mağarasında, həmçinin Argentinanın Los Toldos arxeoloji ərazisində aşkarlanmış və Toldense mədəniyyətinə aid edilən əl izləri, Fransanın Ruffinyak, İspaniyanın Ornos de la Penya Santander mağaralarında, Yeni Qvineya və Avstraliyada tapılan “makaron”lar, eləcə də Fransadakı Montespan mağarasında tapılan və üzərində nizə izləri olan gil ayı heykəli yuxarıdakı hər üç nəzəriyyənin əsaslandığı erkən təsviri sənət nümunələridir. Sözsüz ki, ibtidai insan təsviri sənətlə məşğul olarkən incəsənət nümunəsi yaratmağı qarşısına məqsəd qoymamışdır. İntellektin inkişafı, ətraf mühitin müşahidə edilməsi və həyat tərzi ibtidai incəsənətin yaranması təlabatını yaratdı. Venera Villendorf, Hole-Fels Venerası, Avdeyev Venerası, Kostyonki veneraları Paleolit cəmiyyətində qadının rolunun mühüm olmasını göstərir. Paleolit qaya təsvirlərinə gəldikdə isə heyvan obrazları mühüm idi. Kastiyo, Pindal, Peş-Merl mağaralarında yaradılmış ilk heyvan təsvirləri oyma üsulu və ya çiy gil üzərində cızma texnikası ilə həkk edilmişdir. Madlen mərhələsində isə artıq rəngli təsvirlər yaradılır. Altamira, Lasko, Fon de Qom, Trua-Frer mağaralarındakı heyvanlar üzərində ştrix vasitəsi ilə xəzin təsviri və bir neçə rəngdən istifadə artıq Paleolit rəngkarlığının ən yüksək mərhələsi idi. Paleolit təsvirlərinin zəif tərəfi onda idi ki, heyvanlar əksərən tək və xaotik təsvir olunurdu. Bəzən isə bir-birinin üzərində çəkilirdi. Lakin Fransanın Teyca mağarasından tapılan sümük üzərində şimal maralının qrup təsviri, Limeyladan arkarlanan daş üzərində isə maral sürüsü rəsmi ilə qarşılaşırıq. Buna baxmayaraq, kompozisiya mövcud deyildir. Nadir hallarda “süjetli təsvirlərə” rast gəlmək olar. Laskonun “Quyu zalı”nda bizon və kərgədan arasında əzilən insanın və ya UNESCO Mədəni İrs siyahısına daxil edilən Fransanın Lojeği-Bas(Laugerie-Basse) adlı arxeoloji ərazisindən aşkarlanmış sümük üzərində cızma texnikası ilə yerinə yetirilən heyvanın ayaqları altında uzanmış qadın obrazı olan səhnələr belə nadir hallardandır. Bu təsvirlərdəki insan obrazları da Paleolit üçün nadir sayılan məqamlardandır. Mezolit və Neolit dövründə buzlaşma dövrü bitir və planetimiz müasir geoloji formasını alır. İnsanlar geniş ərazilərə yayılır. Qayıqla suda üzə bilir və tez-tez qəbilələr arasında toqquşmalar yaşanır. Heyvan növlərinin azalması Mezolit dövründə ibtidai maldarlıq və əkinçiliyin əsasının qoyulmasına səbəb olur. Neolitdə isə əkinçilik və maldarlıq tam olaraq formalaşır. Bütün bu yeniliklər təsviri sənətdə də bir sıra dəyişikliklərə səbəb olur. Bu zaman insan təsvirlərdə özünü ön plana qoyaraq mistik təsəvvürlü mövzular ilə yanaşı, gündəlik həyatla bağlı olan qəbilə üzvləriylə birgə iş prosesi, ov və döyüş səhnələri də yaradır. İtaliyanın Monte-Pelleqrino ərazisində əməklə məşğul olan insan rəsmləri, İspaniyanın Kueva de los Kabayyos(Cueva de los Caballos) mağarasındakı maral ovu səhnəsi Mezolitə aid kollektiv insan və heyvan təsvirləridir. Bu dövr təsvirləri monoxrom olmaqla yanaşı, əvvəlki realistik keyfiyyətlərini də itirir, əsas diqqət baş verən hadisənin çatdırılmasına-nəqlinə yönəlir. Mezolit qaya təsvirləri dinamikası ilə diqqət çəkir. İspaniyanın Valltorta-Qazuyya Mədəni Parkı ərazisində yerləşən qayaüstü rəsmlərdəki maral ovu səhnəsi, Özbəkistandakı Zarautsay qayaüstü təsvirləri rəngli, sxematik və dinamikdir. Tarixdə ilk inqilab olan Neolit inqilabı – mənimsəmədən istehsal təsərrüfatına keçid baş verir, protoşəhərlər və konstruksiyalı evlər yaranır. İlk olaraq Afrikanın müasir Əlcəzair ərazisindəki oazisdə Neolit mədəniyyəti çiçəklənir. Əkinçiliyin yaranması ilə yeni dini təsəvvürlər də formalaşmağa başlayır. Bu təsəvvürlər də öz növbəsində təsviri sənətdə öz əksini tapmışdır. Əlcəzairdəki Tassili Najir(Tassili n'Ajjer) rəsmlərindən “Qaçan ilahə”nin geyimi, başındakı buynuzlar və başı üzərindəki buludun təsviri onun əkinçiliklə bağlı ilahə (düyü yığımı ilə əlaqədar ilahə) olduğunu güman etməyə əsas verir.
Metalın kəşfi ibtidai icma quruluşunda dərin dəyişikliklərə səbəb oldu. Tuncdan olan əmək aləti landşaftı dəyişir, məhsuldarlığı artırır, insan ətraf mühiti özünə uyğunlaşdırır, bolluq əhalinin çoxalmasına səbəb olur. Böyük qala ilə əhatələnən şəhərlər bəzi bölgələrdə şəhər-dövlətlərə belə çevrilir, təsviri sənət isə daha çox ornament və piktoqrafik yazı xarakteri alır. Bir çox ərazilərdə dövlətin yaranması ilə ən qədim xalqlar formalaşır. Məbəd və sarayların divarlarının rəngli freskalarla örtüldüyü, böyük ölçülü heykəllərin yaradıldığı Şummer, Minoy, Misir, Hind və Çin sivilizasiyaları Tunc dövrünün yüksəlişinin göstəricisi idi. Tunc dövrü Mərkəzi Asiyada Pazırıq (Basırıq) kurqanları, Azərbaycanda Gəmiqaya təsvirlərində öyrənilmişdir. Silsilə zəlzələlər, vulkan püskürmələri və şimaldan gələn barbar tayfalarının yürüşləri tunc dövrü mədəniyyətini məhv edir, keçmiş sivilizasiyaların ərzisində “qaranlıq əsr” hökm sürməyə başlayır. Dəmirin kəşfi isə İbtidai icma qruluşunun sonunu gətirir.
Ümumilikdə incəsənət insan və onu əhatə edən ətraf mühitin (təbiət aləmi, sosial-ictimai, iqtisadi və daha sonra siyasi mühit) qarşılıqlı, hətta deyərdim ki, bumeranq əlaqəsi nəticəsində yaranaraq təkamül etmişdir. Yəni insan bu və ya digər səbəbdən təsviri sənət, DTS, memarlıq, hətta musiqi kimi erkən incəsənət nümunələrini yaratmaqla böyük sivilizasiyaları formalaşdırmış, onu əhatə edən mühiti kökündən dəyişmişdir. Eyni zamanda insanı əhatə edən ən erkən mühit məhz onu incəsənət nümunələri yaratmağa sövq etmişdir. Beləliklə, təsviri sənət incəsənətin digər növlərinin yaranmasına sirayət etmiş, incəsənət müxtəlif etnosların mədəniyyətinin formalaşdırılmasına yardım etmiş, mədəni yüksəliş və siyasi oyanışlara səbəb olaraq erkən dövlətləri bərqərar etmişdir. Bu cür zəncirvari, eyni zamanda qarşılıqlı əlaqə nəticəsində bəşər tarixinin ilk mədəni, siyasi çiçəklənməsi baş vermişdir.
Əliyeva Sədaqət,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin