Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir.
Anmedia.az Təhsil Nazirliyinin saytına istindən xəbər verir ki, səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə birgə Tbilisidəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Təhsil nazirini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili və digər rəsmi şəxslər müşayiət ediblər.
Daha sonra təhsil naziri Emin Əmrullayev M.F.Axunzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib, M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə məlumatlarla tanış olub.
Emin Əmrullayev səfər çərçivəsində Tbilisidəki Qəhrəmanlar Meydanını da ziyarət edib, xatirə memorialı önünə əklil qoyub, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan insanların xatirəsini ehtiramla yad edib.
Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.
Təhsil naziri Emin Əmrullayev Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında yaxşı əməkdaşlıq münasibətlərinin olduğunu deyib. Nazir qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafı digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradır.
Emin Əmrullayev bildirib ki, Azərbaycan qonşu və dost Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin daha da inkişafında maraqlıdır. Səfərin əsas məqsədlərindən biri də bununla bağlı fikir mübadiləsi aparmaqdır.
Rektor Giorgi Şarvaşidze öz növbəsində rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Azərbaycanın Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, təhsil nazirinin Gürcüstan səfəri 23 fevralda başa çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin