Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapıb.
Misir Azərbaycan Diasporundan 525.az-a verilən xəbərə görə, şairin “Divan Xaqani” divanının dörd nüsxəsi, “Töhfətül İraqeyn” divanının isə əlyazma nüsxəsi aşkar edilib.
Birinci nüsxə 1603-cü ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. İkinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 1454-cü ildə köçürülüb və onun birinci səhifəsi yoxdur.
Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində 1600-cı ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. 1420-ci ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur.
“Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən 1156-cı ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma 1694-cü ildə Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir.
Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin