05–12 aprel tarixlərində Türkiyə Respublikasının Alanya şəhərində keçirilmiş I Beynəlxalq “Caspi Art Sanat” müsabiqə-festivalında Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri uğurla iştirak edərək yüksək nəticələr əldə etmişlər.Fortepiano ixtisası üzrə I kurs tələbəsi Anisa Karmel Əsgərli “Grand Prix” mükafatına layiq görülmüş, III kurs tələbəsi İqan Ümid Əsgərli isə I yerə sahib olmuşdur.Müsabiqənin münsiflər heyəti Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Moldova və Rumıniyanı təmsil edən nüfuzlu mütəxəssislərdən ibarət beynəlxalq tərkibdə formalaşdırılmışdır. Kollecin müəllimi Camalə Abdinzadə müsabiqədə münsiflər heyətinin üzvü qismində iştirak etmişdir.
Festival çərçivəsində kollecin tələbələrinin “Piano Dialoqu” adlı solo konsert proqramı təqdim olunmuşdur. Konsertdə Franz Liszt, Sergey Rachmaninoff, Qara Qarayev, Samuel Barber, George Gershwin, Claude Debussy və Jean Sibelius kimi dünya şöhrətli bəstəkarların əsərləri yüksək səviyyədə ifa olunmuşdur.
Qeyd edək ki, müsabiqə çərçivəsində təşkil olunmuş açıq dərslərdə Anisa Karmel Əsgərli Rusiya Federasiyasının Əməkdar artisti Lyudmila Belyançikovanın ustad dərsində iştirak etmişdir.
Bununla yanaşı, festival proqramı çərçivəsində kollec müəllimi Camalə Abdinzadə tərəfindən Qara Qarayevin 1960-cı illər fortepiano yaradıcılığına həsr olunmuş metodik mühazirə təqdim edilmişdir. Mühazirə zamanı bəstəkarın əsərləri səsləndirilmiş və ifalar kollec tələbələri tərəfindən həyata keçirilmişdir.
Müsabiqənin bağlanış mərasimi çərçivəsində formalaşdırılmış beynəlxalq ansambllarda tələbələr fəal iştirak etmişlər. İqan Ümid Əsgərli Moskva şəhərindən olan saksafon ifaçıları və Türkiyədən olan klarnet ifaçıları ilə birgə çıxış etmiş, Anisa Karmel Əsgərli isə Rusiyadan olan klarnet ifaçısı ilə birlikdə səhnə almışdır.







Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








