
Prezident İlham Əliyev: “Buzovna qayalıqları Bakının rəmzidir”
Buzovna qəsəbəsində mövcud qayalıqlar Abşeron yarımadasının unikal landşaftını və eko sistemini təşkil edir. Onlar milyon illərin insanlara misilsiz mirası və təbii sərvətidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu qayalıqlar dövlətin mülkiyyəti sayılan dəniz sahillərinin 20-50 metr zolağında yerləşir ki, onlar heç bir halda satıla, alına, zəbt və məhv edilə bilməz. Lakin təəssüflər olsun ki, bu cür qeyri-adi təbiət ünsürləri son illərdə məhv edilir, şəxsi maraqlar üçün istifadə olunmağa başlamışdır. Dövlət başçımızın da qeyd etdiyi kimi bu, tarixə qarşı, bizim təbiətimizə qarşı bir cinayətdir.
Qeyd edim ki, məsələ ilə bağlı ekologiya cəbhəsində mübarizə aparan Buzovna sakinləri qayalıqların azadlığı və bərpası üçün Ali Baş Komandan cənab İlham Əliyevə məktub ünvanlamışdır. Buzovna sakinlərinin səsinə səs verən cənab Prezident məsələnin araşdırılıb, məruzə edilməsiylə bağlı göstəriş vermişdir. Qanunsuz əməllərə əl atanlarla bağlı isə lazımi tədbirlər görülmüşdür. Məlumat üçün qeyd edim ki, məsələ müvafiq qaydada araşdırılmış və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla sözügedən əraziyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilmişdir. Təbiət abidəsi “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin – geoloji (paleontoloji) obyektlərin Siyahısı”na daxil edilmişdir.
“Art qapı” rubrikasının bugünkü müsahibi Buzovnaərazisində dəniz sahilində yerləşən qayalıq ərazinin –qayalıqların məhv edilməsinə qarşı mübarizənin təşəbbüskarı qəsəbə sakini Seyfulla Azərdir.
– Salam, xoş gördük, Seyfulla bəy. Bir eko aktivist kimi bu işə başlamağa necə qərar verdiniz?
– Uşaqlıqdan Abşerona bağlılığım olub. Bilirsiniz ki, Abşeronun meşəsi, dağı, çayı yoxdur. Yeganə gözəlliyi dəniz sahilləri və qayalıqlarıdır ki, bu dayalnız geoloji forma kimi yox, həm də mühüm ekoloji və bioloji funksiyalara malikdir. Bu ərazidəki qayalıqlar, əsasən sahil zolağında yerləşən, külək və su eroziyası nəticəsində formalaşmış təbii geoloji strukturlardır. Bu gözəllikləri qorumaq bizim vətəndaş məsuliyyətimizdir.
– Bəli, Seyfulla bəy, qeyd etdiyiniz kimi Abşeron qayalıqları yalnız estetik və coğrafi əhəmiyyətə malik deyil, həm də həssas və vacib ekosistem funksiyalarını yerinə yetirir. Onların qorunması, həm bioloji müxtəlifliyin saxlanılması, həm də sahil mühitinin davamlılığı üçün zəruridir.Oxucularımız üçün Abşeron qayalıqları və onun ekosistemdə rolundan bəhs edə bilərsinizmi?
– Abşeron qayalıqları milyon illik təbii sərvətdir. Onları qəti şəkildə məhv etmək olmaz. Qeyd edim ki, bu qayalıq sahillər suitilərin məskənidir, yatağıdır. Buradakı bir çox qayalıqlara Buzovna sakinlərinin dilində daim yaşayan əziz xatirələr, qəhrəmanlıqlar, əfsanələrlə bağlı xüsusi adlar da verilib. Bunlardan “Aslan və Mahnigar” qayasını, “Hacı” qayasını misal göstərə bilərəm.
– Ətraf mühitin qorunması, təbiətin mühafizəsi,ekoloji problemlərə qarşı mübarizə aparan, ictimai maarifləndirmə və təşəbbüslərlə çıxış edən biri olaraq bu istiqamətdə ilk addımınız,nailiyyətləriniz nələr olub?
– İlk olaraq sözügedən problemlə bağlı Elbey Əlizadə ilə birgə qəsəbə sakinlərinə video müraciət edərək, onları iməcilik etməyə səslədik. Bu, əslində, bizimüçün hər şeydən əvvəl bir “təmizlik strategiyası” idi. Sözdə istənilən bir şey mütləq şəkildə əməldə də öz əksini tapmalıdır. İlk təmizlik aksiyamıza 20 nəfər insan toplaşmışdır. Daha sonra votsap (WhatsApp) qrupu yaratdıq və bunun nəticəsində işə daha çox sakin cəlb edildi. Sonrakı addım videohesabatın hazırlanması oldu. 820 qəsəbə sakininin imzası toplandıqdan sonra müraciətimizi etdik. Müraciətimizə10 gün ərzində geri dönüş edildi və lazımi reaksiya verildi. 2022-ci ildə Buzovna sahillərində inşa edilmiş qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar imzalandı. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, dövlət başçımız cənab Ali baş Komandanın Buzovna sakinlərinin müraciətinə qayğı ilə yanaşması bizlərdə gördüyümüz işlə bağlı böyük ruh yüksəskliyi yaratdı.Bu günə kimi 15 qanunsuz tikilidən artıq 11-i sökülüb.
– Həqiqətən siz torpağına, təbiətinə sadiq bir vətəndaş kimi çox böyük bir işin təşəbbüskarı olmusunuz. Digər sualım vətəndaşların məsuliyyəti ilə bağlı olacaq. Dəniz sahillərində istirahətə gələn vətəndaşlar tərəfindən təmizliyə nə dərəcədə əməl olunur?
– Təəssüflər olsun ki, bizim davamlı olaraq bu işlə məşğul olmağımıza baxmayaraq, bəzən xoşagəlməzhallarla rastlaşırıq. Qida qalıqlarını, bəzi məişət tullantılarını vətəndaşlar burada unudub gedirlər. Lakin bu bizim böyük mübarizəmizin yanında sönük qalan problemlərdəndir (Red: gülür). Hətta qeyd edim ki, bizim bu fəaliyyətimizə zaman-zaman yanaşmalarheç də birmənalı olmadı. Bəzi qanunsuz bağ sahiblərinin etirazına səbəb oldu. Lakin biz süni gözəlliklərdən təbiət abidələrini xilas etmiş olduq. Bu proses davamlı olaraq mərhələli şəkildə həyata keçirilir.
– Seyfulla bəy, qonşu kəndlərdən sizə dəstək verilirmi?
– Əlbəttə, Qala, Pirşağı, Hövsan, Zabrat, Binəqədi, Ramana, Suraxanı, Novxanı və digər kəndlərdən də bir qrup aktivistlər, könüllülər səsimizə səs verirlər. Könüllüləri bir araya gətirərək reallaşdırdığımız bütün iməcilikləri (Bu günə kimi 73 iməcilik reallaşıb) sosial şəbəkə hesablarımızda foto-video, təqdimatlar şəklindəpaylaşırıq. Biz bunu bir komanda şəklində reallaşdırırıq. Bizə qoşulan hər kəs bu işdə ciddi əmək sərf edir. Sözsüz ki, bu cür ecazkar təbiət abidəsinin yaradıcısı biz insanlar deyilik, o zaman onların məhvinə şərait yaratmağa da haqqımız yoxdur. Eko sistemin qorunması üçün problemin kökünü başa düşmək və effektiv həll yollarını icra etmək lazımdır.
– Hər hansı bir işdə davamiyyətə əməl etmək, gecikmədən və ara vermədən müntəzəm çalışmaq çox vacibdir. Sizin aksiyalarda bu prinsiplərə əməl etmək nə dərəcədə alınır?
– Əlbəttə, çox doğru vurğuladınız. İstənilən işdə davamiyyətin yaxşı olması həm intizam, həm dəetibarlılıq göstəricisidir. Davamiyyəti saxlamaq bəzən elə də asan olmur. Çünki könüllülərin sayı və tərkibi zamanla dəyişir. Yeni komanda ilə uyğunlaşıb işləmək bir az zaman tələb edir. Yeganə açar – səbirli, istiqararlı və məqsədyönlü olmaqdır. Davamlılıq həm də peşəkarlıq, uğura çatmaq üçün əzmkarlıq deməkdir. Şükürlər olsun ki, bacardığımız qədər işimizə davam edirik.
– Başlamış olduğunuz ekoloji mübarizədə son hədəfiniz nədir?
Hesab edirəm ki, biz artıq böyük uğurlar əldə etmişik. Buzovna qayalıqlarının Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qərarı ilə bölgə əhəmiyyətli təbiət abidəsi kimi qeydiyyata alınmasına nail olmuşuq. Həmçinin qayalıqların məhbus kimi saxlanıldığı çəpərlərin,qeyri-qanuni inşa edilmiş obyektlərin sökülməsi, ekoaktivistlərlə iməciliklərin edilməsi, qayaların süni tikinti qalıqlarından təmizlənərək öz təbii halına qaytarılması bizim üçün böyük uğurdur. Lakin hələ də çəpərlənmiş sahilboyu qayalıqlar azadlığa çıxmağı gözləyirlər. Qoruq ərazisinin bütün qanunsuz tikililərdən tamamən azad edilməsi və öz əzəli təbii halının bərpası mübarizəmizin məntiqli yekun nəticəsihesab edilə bilər. Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, mənimlə bərabər bu amal uğrunda mübarizə aparan hər kəsin qazanılan uğurlarda əməyi böyükdür. Maraqlı bir faktı da qeyd edim ki, bu günə kimi bizim iməciliklərdə iştirak edən ən kiçik aktivistimizin yaşı 5, ən böyüyünün isə 70-dən çoxdur.
– Təbiət abidəsi – Buzovna qayalıqlarınınqorunmasıyla bağlı başlatdığınız mübarizədə mənəvi olaraq nə qazandınız?
– Bu mübarizəm mənə bir çox dəyərli şeylər qazandırdı. İlk növbədə, mən ətraf mühitə və irsimizə qarşı daha dərindən məsuliyyət hissinin formalaşması üçün müəyyən auditoriyaya səslənə bildim. Cəmiyyətə faydalı olmağın qürurunu yaşadım. Dəyərlərə sahib çıxmağın mənəvi gücünü qazandım. Eyni zamanda, bu proses mənim üçün daxili rahatlıq və vicdan borcunun yerinə yetirilməsi idi. Gördüm ki, kiçik bir təşəbbüs belə, ətrafdakılara təsir edə, fərq yarada bilər. Ən böyük qazancım isə, təbiəti qorumağın təkcə vəzifə deyil, həm də dəyər olduğunu dərk etməyim və gənc nəslə aşılamağım oldu. Unutmayaq ki, hər bir daş, hər bir təbii forma yalnız fiziki obyekt deyil, tarix, mədəniyyət və ekosistem dəyəri daşıyır.
– Seyfulla bəy maraqlı və məzmunlu müsahibəniz üçün sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.
– Məsələni bir daha ictimailəşdirdiyiniz üçün sizə təşəkkür edirəm. Könüllülərimizə də yanımızda olduqları üçün ayrıca minnətdarlığımı bildirirəm.
Sənətşünas Sədaqət Zaurqızı











Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin