
ANmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü zamanı deyib.
"Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək.
Son aylar ərzində bizim hökumətlərin üzvləri bir-biri ilə sıx təmasda olmuşlar, qarşılıqlı səfərlər etmişlər. Bir çox məsələlər həll olundu. Sizin səfərinizə hazırlıq məqsədilə bir çox məsələlər də müzakirə olundu.
Bu gün bir çox önəmli sənədlər imzalanacaq və veriləcək qərarlar iki qardaş xalqı bir-birinə daha yaxın edəcək. Bir daha sizi ürəkdən salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq", - dövlət başçısı bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin