
QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində növbəti ziyarətim İkinci Qarabağ müharibəsinin qəhrəmanı şəhid Hümbətov Emil Tərlan oğlunun ailəsi oldu. Emil Tərlan oğlu Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildə General-mayor Polad Həşimovun rəhbərliyi ilə hərbi xidmətini ləyaqətlə başa vurub.
Həmsöhbətimiz şəhidimizin anası Sevinc xanım oldu. Emil burada doğulub, burada böyüyüb. Məktəbə də burada gedib:
"Məktəb vaxtı 6-cı sinifdə oxuyanda Şirvanda Türk liseyi vardı imtahanla ora qəbul olmuşdu. Ora pullu idi deyə, imkan olmadı oxusun. Riyaziyyatdan çox güclü idi. Peşə məktəbin oxuduqdan sonra 2010-cu ildə hərbi xidmətə getdi. Daşkəsəndə xidmətdə idi. general-mayor Polad Həşimov komandiri olmuşdu. Həşimov şəhid olduqdan sonra müharibəyə könüllü yazıldı. Gedib işdə dedim Emil könüllü yazılıb. Dedilər niyə icazə verdin, od-alovun içinə gedə? Dedim, mən onun qabağına keçə bilməzdim. Doğrudur, ana-ata sözünə baxan uşaq idi, atasının yanında səsin qaldırmazdı. Ancaq bu məsələdə desəydik də, sözümüzə baxmazdı.
Türkiyədə işləyirdi, zəng elədi ki, ana, bacımı da götürüb hava limanına gələrsən? Bir az Bakını gəzək sonra qayıdaq. Dedim ay Emil, mənim nə işim var, necə gələcəyəm Bakıya, pulum da yoxdur. Dedi, ay ana, sən gəl, pulu mən verəcəyəm. Dekabr idi yeni il bayramı vaxtı, mən də yeməklər hazırlamışdım ki, Emil gəlir. Getdik hava limanına, yanında yekə bir it vardı, adı Alex. Balacalığından alıb saxlayıb, ayrıla bilməyib özü ilə gətirib.

Dedim harada saxlayaq bunu, ay Emil? Dedi, ev itidir bu, evdə saxlayarıq. Gətirib evdə arxa eyvanda saxladıq. Qəşəng, səliqəli it idi. Sonra zəng gəldi Emil iş üçün getdi Türkiyəyə. O gedən kimi it xəstələndi, gözündən yaş gəlirdi. Zəng edirdik görüntülü, it Emili görüb sakitləşirdi. Həkimə apardıq iti müalicə etdilər, sonra qorxdum nəsə olar verdik başqasına. O ili mən Emil nə deyirdi edirdim, bilmirəm niyə heç nəyə etiraz etmirdim.
Könüllü getdikdən sonra danışırdıq. Deyirdi ana açarlar var əşyalarımın içində açarlar var, heç kimə verməyin, hamısı mənim adımdadır. Bu otaqda balaca dolab vardı açarları gətirib ora qoyduq. Yenə zəng etdim, dedi telefonumu da heç kimə vermə, ana. Elə o telefonun üstündə bir yaddaş kart tapdım içində şəkillər, qalanlarını itirdim. Türkiyədəki şəkillərini çıxartdırdım. Bizim də təsəlli yermiz ancaq bu şəkillərdir, danışdığı sözlərdir. Mən bunlarla nəfəs alıram. Allah heç kəsə, heç bir anaya övlad dağı, müharibə göstərməsin.
Hər dəfə soruşudum Emil hardasan? Deyirdi Beyləqanda. Deyirdim orada nə edirsən, deyirdi təlimdəyəm. 21 sentyabrda təlimə getdi, 27-si axşam zəng elədi ki, bizi silahlandırdılar yuxarı qalxırıq. Mən də başa düşmədim ki, bu nə deməkdir. Dedim, Emil, heç olmasa dayına zəng elə. Dayısına deyib ki, müharibə başlayır. Həmin dəqiqədən daha fikir, qorxu, yaddaşım pozulmalarım və s. başladı. Şən bir adamdan belə birinə çevrildim...
Emilin qırxı yeni çıxmışdı mən də işə qayıtdım. Emilin əsgər yoldaşı gəlmişdi. Danışırdı ki, orda deyib müharibə bitsin, ailələrimizi götürüb dincəlməyə gedərik. Ən çox itindən danışırmış onlara. Beyləqandan da döyüş yoldaşı var, Emilin kəmərin bizə gətirmişdi. Emilin boynuna qəlpə dəymişdi, şah damarından qanaxmadan şəhid düşüb.
Hər dəfə deyirdim, ay Emil, özündən muğayat ol. Deyirdi, mən yaxşıyam siz özünüzü qoruyun. Çox dəqiq adam idi, saat neçədə deyibsə, o vaxtı da həmin yerdə olardı. Emil gecikməyi sevmirdi, Vətəni müdaifəyə də tələsərək getdi. Heyvanları o qədər sevirdi ki, özü də çox zarafatçıl uşaq idi, bizi o qədər güldürürdü".
Emil Tərlan oğlu Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü iştirak edib. 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olub. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Emil Hümbətov ölümündən sonra “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ruhun şad olsun, qəhrəman qardaşım!
Afaq Rza








Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin