Son dövrlərdə internet üzərindən həyata keçirilən maliyyə fırıldaqları və kart oğurluqları sürətlə yayılmaqdadır. Xüsusilə, phishing (fişinq) hücumları, saxta saytlar və mobil tətbiqlər vasitəsilə vətəndaşların kart məlumatları oğurlanır və qanunsuz tranzaksiyalar edilir. Bank müştərilərinin kart məlumatlarını paylaşmaması, şübhəli keçidlərə daxil olmaması və maliyyə əməliyyatlarını mütəmadi yoxlaması vacibdir.Vətəndaşlar diqqətli olmalı və maliyyə təhlükəsizliyini gücləndirməlidir.
Bu yaxınlarda belə hal müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin də başına gəlib. Bununla bağlı o, öz feysbuk hesabında məlumat verib. Yazı mətbuata açıq olduğundan olduğu kimi təqdim edirik:
“Unibank kartımdan 1000 azn-ə yaxın pul vəsayiti oğurlanıb. Oğurlayan tərəf vəsaiti Kapitalbank kartına və digər qismini Trendyola alış-veriş üçün köçürüb.
1. Banka yaxınlaşıbərizə ilə müraciət etmişəm.
2. Polis məntəqəsinə gedib hadisə barədə ərizə yazmışam.
Pul kartımdan məndən xəbərsiz silinən məbləğlə bağlı bu günə kimi “Unibank”la dəfələrlə əlaqə saxlamışam, orada ödənişin məbləğini və şikayətin səbəbini göstərib və prosesin nə yerdə olduğunu söyləmişəm.
Nəticə isə hələki yoxdur.
Ehtiyatlı olun, əziz dostlar, hər cür dələduzluq növü ilə aldana bilərsiz. Təşəkkür edirəm”.
Xatırladaq ki, son günlər mütəmadi olaraq vətəndaşlar bu cür oğurluq halları ilə qarşılaşırlar. Bəs bu hallarda bankların öhdəlikləri və müştərilərə kömək mexanizmi necə olmalıdır?
Banklar müştərilərinin maliyyə təhlükəsizliyini qorumaq üçün müəyyən öhdəliklərə malikdirlər. Bank kartlarından oğurluq və fırıldaqçılıq hallarında banklar müştərilərin şikayətlərini qəbul etməli, araşdırma aparmalı və zərərçəkənə kömək etməlidir.
Bəzi hallarda banklar müştərilərin şikayətlərinə gec və etinasız yanaşır, problemi həll etmək əvəzinə məsuliyyəti müştərinin üzərinə qoyurlar. Zərərçəkənlər dəfələrlə banka müraciət etsələr də, prosesi uzadır, konkret cavab vermir və müştərini standart cavablarla yola verirlər. Bu yanaşma müştərilərin hüquqlarının pozulmasına və oğurluq hallarının artmasına səbəb olur. Bankların əsas vəzifəsi müştərilərinin maliyyə təhlükəsizliyini qorumaq olduğu halda, bəzən bu məsuliyyətdən yayınmaları insanları çarəsiz vəziyyətə salır.
Bəs bu kimi hallardan necə qoruna bilərik?
Əvvəla mobil telefonunuzda hər bir əməliyyatı izləmək üçün SMS və ya mobil bildirişləri aktiv edin. Şübhəli keçidlərə və mesajlara klik etməyin. Phishing hücumlarına qarşı ehtiyatlı olun. Kart məlumatlarınızı heç kimlə paylaşmayın – Bank əməkdaşı adı ilə gələn zənglərə inanmayın. 3D təhlükəsizlik ödəniş sistemindən istifadə edin. Bankınızla mütəmadi əlaqədə olun. Şübhəli əməliyyatlar barədə dərhal xəbər verin.
Bu tip oğurluq halları ilə rastlaşan hər kəs müvafiq qurumlara dərhal məlumat verməli və hüquqi tədbirlər görməlidir. Ehtiyatlı olun, maliyyə təhlükəsizliyinizə diqqət edin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin