“Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir”.
Anmedia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Prezidenti Alar Karis ilə görüşü zamanı deyib. Spiker Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını da Estoniya Prezidentinin diqqətinə çatdırıb. Milli Məclisin sədri, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladaraq, bu səfərlərin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin xarakterini nümayiş etdirdiyini vurğulayıb.
S.Qafarova 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında da danışaraq, qeyd edib ki, Azərbaycan öz ərazilərini Ermənistanın 30 il davam edən işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycan öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib. Spiker diqqətə çatdırıb ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Qısa müddət ərzində çox böyük həcmli işlər görülüb, yeni nəqliyyat infrastrukturu yaradılıb, Füzulidə beynəlxalq hava limanı fəaliyyətə başlayıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması regionun nəqliyyat potensialını xeyli artıracaq. Spiker Sahibə Qafarova vurğulayıb ki, Ermənistan regionda yeni yaranmış reallıqları düzgün dəyərləndirməli, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Səmimi görüş və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Estoniya Prezidentinə çatdırıb.
Estoniya Prezidenti Alar Karis ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin yaradıldığını xatırladaraq, münasibətlərin daha da inkişafı üçün yaxşı potensial olduğunu bildirib. O, həmçinin, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan münasibətləri dəstəklədiyini vurğulayıb. Alar Karis ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini də ifadə edib.
A.Karis onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib və ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin