Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.
ANmedia.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycanın və Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlət başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də qarşılıqlı dəstək və birgə fəaliyyətdə də özünü büruzə verdiyini dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını və ən xoş arzularını Azərbaycanın dövlət başçısına çatdırdı. Sid Əhməd əl-Bekaye Hamadi vurğuladı ki, Mavritaniya Prezidenti iki dost ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş etdi.
Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi və Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkənin böyük nailiyyətlər qazanması və sürətli inkişafı münasibətilə təbriklərini çatdırdı.
İki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq və mədənçilik sahələrindəki geniş imkanları qeyd etdi. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş etdi.
Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması və səfərlərin təşkil edilməsi məsələsi qeyd olundu.
Söhbət zamanı elm və təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıldı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin