Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) anmedia.az-a bildirilib ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək. Dövlət başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 5-45-ci kilometrlik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşa edilir. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır. Artıq bəzi hissələrdə əsasın tikintisi yekunlaşmaq üzrədir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin tikinisi davam etdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin