Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.
ANmedia.az-ın xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.
MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxıblar.
Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.
Vurğulanıb ki, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.
İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin