Bakıda keçirilən Azərbaycan Qran-prisində "Formula-2" çempionatının sürücüləri sıralanma turunu başa vurublar.
ANmedia.az xəbər verir ki, sıralanma turunun nəticələrinə görə, "Trident" komandasının pilotu Riçard Fershor bazar günü baş tutacaq əsas yarışa ilk yerdən start almaq hüquq qazanıb. İkinci nəticə göstərmiş "Prema"nın sürücüsü Andrea Kimi Antonelli də ilk cərgədən start alacaq. Sıralanma turunda ilk üçlüyü isə ART komandasından Viktor Marten tamamlayıb.
Reqlamentə görə, sabah baş tutacaq sprint (qısa) yarışda bu gün sıralanma turunda ilk 10 yeri tutan sürücülər reversiv start alacaqlar. Yəni bu gün sıralama turunda 10-cu yeri tutan "Trident" komandasının pilotu Kristian Mensel sprint (qısa) yarışa birinci yerdən başlayacaq.
"Formula-2" üzrə sıralanma turu başa çatdıqdan sonra "Formula-1"də ikinci sərbəst yürüşlərə start veriləcək və ilk günün proqramı başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin