Mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərinə səfər edib.
Anmedia.az xəbər verir ki, səfər çərçivəsində nazir Gəncə şəhərində yerləşən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olacaq. Eyni zamanda mədəniyyət və incəsənət sahəsində çalışan tanınmış şəxslərlə görüşlər keçiriləcək. Nazir əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Sonra Anar Kərimov Miniatür Kitab Muzeyinin Gəncə filialına gəlib. Muzey haqqında nazirə məlumat verilib.
Daha sonra Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Baxışın məqsədi təmirdən sonra muzeydə aparılan işlərlə tanışlıq, mütəxəssislər tərəfindən aparılan inventarizasiya işlərini nəzərdən keçirməkdir. Nazir təmirdən sonra bugünə qədər əldə olunan nəticələr, siyahıyaalınma, qeydəalınma ilə tanış olub. İnventarizasiya işini aparan yerli və Bakıdan dəvət olunan mütəxəssislərlə söhbət aparıb. Bununla yanaşı, nazir mövcud problemlərin qısa zaman ərzində aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işinin və idarəçiliyinin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəliliyi və effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı hazırlanır.
Səfərlərin əsas hədəfi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin