Albaniya il ərzində Azərbaycanda səfirlik açacaq.
ANmedia.az Albaniya Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bunu Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ölkə parlamentinə “Albaniya Respublikası Nazirlər Şurası ilə Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsinə dair” qanun layihəsini təqdim edərkən söyləyib.
Ballukunun sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında” Saziş “bu münasibətləri dərinləşdirməyə yönəlmiş növbəti addımdır və aramızdakı uzaq məsafəyə baxmayaraq, biz güclü körpülər qurmaq üçün bir yol tapırıq və şübhəsiz ki, perspektivli əməkdaşlıq edirik”.
“Azərbaycanın Albaniyada səfirliyinin açılması çoxdan gözlənilən qərardır və Bakının Tirana ilə tərəfdaşlığa dair ciddi niyyətlərinin sübutudur və bu, əməkdaşlığımızı daha da genişləndirəcək və aramızda sürətli və effektiv ünsiyyət körpüsü yaradacaqdır”, – Balluku deyib.
Baş nazirin müavini vurğulayıb ki, “Albaniya buna cavab verərək 2024-cü il ərzində Azərbaycanda öz səfirliyini açacaq”.
Xatırladaq ki, mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin