Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
ANmedia.az xəbər verir ki, Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin ölkəmizə keçməsi münasibətilə təbriklərini çatdıraraq, çoxtərəfli diplomatiyada fəal rol oynayan Azərbaycanın bu sahədə zəngin təcrübəsinin olduğunu vurğuladı. O, bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçilməsini və fəaliyyətini, Qoşulmama Hərəkatında uğurlu sədrliyini, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində fəal rolunu qeyd etdi.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdıran Kayrat Sarıbay bunu beynəlxalq ictimaiyyətin Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində roluna hörmətinin və ehtiramının təzahürü kimi qiymətləndirdi. O, ölkəmizin regionda böyükmiqyaslı kommunikasiya layihələrinin həyata keçirilməsindəki mühüm rolunu da xüsusi vurğuladı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiyada etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində vacib dialoq platforması olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xatırladı və sədrlik çərçivəsində əldə edilmiş təcrübənin bu təşkilata sədrliyin həyata keçirilməsi baxımından faydalı olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi COVID-19 pandemiyası dövründə üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının təsisatlanması baxımından atdığı addımlara toxundu, bu xüsusda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində təşəbbüsləri vurğuladı.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o cümlədən Qazaxıstan tərəfinə təşəkkürünü bildirdi.
Söhbət zamanı bu təşkilatın Asiya qitəsində sülhün, təhlükəsizliyin gücləndirilməsinə və etimad quruculuğu prosesinə töhfə verməsi baxımından böyük potensiala malik olduğu qeyd edildi, Azərbaycanın üzv dövlətlərlə birgə çalışaraq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin daha da təsisatlanması və sahəvi əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğu vurğulandı.
Görüşdə COP29 çərçivəsində də bu təşkilatın müxtəlif tədbirlərinin keçirilməsi, eyni zamanda, yaşıl nəqliyyat konsepsiyası və digər sahəvi əməkdaşlıq məsələlərinə baxılması ilə bağlı müzakirələr aparıldı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin