Müasir dövrdə hər bir inkişaf etmiş dövlət özünün gənclər siyasətini müəyyən edir. Gənclər siyasəti dedikdə gənclərin öz bilik və bacarıqlarını reallaşdırması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. Çünki gənclərin hərtərəfli inkişafı, eyni zamanda ölkənin sosial-iqtisadi, elmi və mədəni cəhətdən də inkişaf etməsi deməkdir. Yeni nəslin inkişafı üçün onların sadalanan sahələrdə iştirakının təmin edilməsi vacibdir.
“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Prezident kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”, - deyən Heydər Əliyev bu məqsədlə 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu böyük təşəbbüsün ardınca 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ulu Öndərin təşəbbüsü ilə 2 fevral 1996-ci ildə gənclərin I Forumu təşkil edildi. İlk forum öz növbəsində ölkəmizin gənclər siyasətinin müəyyənləşməsində mühüm rol oynadı. Bir il sonra isə Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Uğurlu başlanğıc götürən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən daha sürətli inkişaf xəttinə keçid alıb. Təbii ki, gənclər siyasəti Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlib. Bu baxımdan İlham Əliyev hər zaman gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına mühüm yer verib. Əminliklə deyə bilərik ki, dövlət başçısının uzun illər ərzində yürütdüyü ardıcıl səyləri nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Hazırda ölkəmizdə gənclər siyasətinin mühüm hissələrindən biri də könüllülük fəaliyyətidir. Könüllülük sağlam vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm vasitələrdən biri hesab olunur. Bu fəaliyyət gənc nəslə gələcək həyatı müəyyənləşdirə bilmək üçün yeni bir yol və fürsətlər təqdim edir. Könüllü olmaq biliklərin bacarığa çevrilməsi üçün ən yaxşı platformadır. Könüllülük cəmiyyəti dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət sahəsidir. Ona görə də Prezident İlham Əliyevin gənclər siyasətində könüllülük xüsusi yer tutur. Ölkə başçısının könüllülük hərəkatına gənclər siyasəti yönündən dəstəyi hər bir gəncin şəxsi və kollektiv formada bacarığını göstərməsinə şərait yaradır. Demək olar ki, könüllülük artıq gənclərimizin həyat tərzinə çevrilib.
Bu illər ərzində təbii ki, Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində də böyük uğurlar qazanılıb. Respublikanın gənclər təşkilatları BMT-nin, UNESCO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər.
Bütün bunların məntiqi davamı olaraq ölkə başçısının Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edildi. 2020-ci ili hər bir azərbaycanlı üçün əbədiyaşar tarixə çevirən ən mühüm məsələ isə Vətən müharibəsinin başlaması oldu. Şanlı zəfərimizlə yekunlaşan haqq savaşımızdakı qalibiyyətimizi Prezidentin ətrafında yumruq tək birləşən, bir an belə düşünmədən müharibəyə könüllü yazılan gənclərimizə borcluyuq. Bu gün Gənclər Günündən danışarkən ən başda qəlbindəki Vətən sevgisindən onun uğrunda son damla qanına qədər vuruşan, soyuqqanlılıqla döyüşlərə gedən, Qarabağı qarış-qarış düşməndən təmizləyən, qazi olaraq həyatının sonuna kimi yarımcan qalmağı gözə alan, Vətənini ailəsindən üstün tutaraq şəhidlik zirvəsinə yüksələn gənclərimizdən danışmalıyıq. Gənclik kökünə bağlı, əcdadının yolu ilə gedən, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür, yeni nəsil deməkdir. Hansı ki, biz bir ömür boyu borclu olduğumuz 3 min nəfərə yaxın şəhid olan, torpağını qorumağa hazır on minlərlə Vətən övladının timsalında bunun bariz nümunəsini görürük.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursunu alqışlayır və bu siyasətin icrasında daim onun yanındadır. Yazımı dövlət başçısının nitqindən kiçik bir hissə ilə yekunlaşdırmaq istəyirəm: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm".
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin