19 fevral tarixində dünyanın diqqəti növbəti dəfə dostluğu, qardaşlığı, müttəfiqliyi nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinə yönəldi. Təməli əsrlər əvvəl ata-babalarımız tərəfindən qoyulan, illər boyu daha da möhkəmlənən və müasir dövrümüzdə zirvədə olan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir.
İstər xalqlarımız arasındakı ortaq dəyərlərə əsaslanan əlaqələr, istərsə də ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu iki ölkəni ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə söykənən mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir.
Azərbaycan lideri cənab İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərininin fevralın 18-də məhz qardaş Türkiyəyə etməsi ölkələrimiz arasındakı münasibətlər barəsində bird aha aydın təsəvvür yaratdı. Xatırladaq ki, cənab Rəcəb Tayyib Ərdoğan da yenidən Türkiyə Prezidenti seçildikdən sonra birinci rəsmi səfərini Azərbaycana etmişdi. Ölkə başçılarının bu addımı heç də təsadüfü xarakter daşımır, əksinə bir ənənəyə, dəyərə çevrilmiş hadisədir.
Fevralın 19-da Ankarada mətbuata birgə bəyanatlarla çıxış edən liderlərimizin açıqlamaları hər iki ölkənin qarşılıqlı əlaqələrinin yeni hədəfləri,istiqamətlərini ortaya qoymuş oldular. Mətbuat konfransında bir sıra mövzulara toxunuldu: siyasi, hərbi,iqtisadi, mədəni əlaqələr, onlardan gözləntilər və nəticələr. Danılmaz faktdır ki, Azərbaycan - Türkiyə işbirliyi və əməkdaşlığı təkcə bölgə üçün yox, bütünlükdə Avrasiya məkanı üçün yetərincə ciddi, xüsusi önəmə və çəkiyə malik amilə dönüb.
Çıxışı zamanı Azərbaycan Prezidenti Türkiyə dövlətinin dünyada artan nüfuzundan söz açaraq bildirib ki, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır.
Həqiqətən də, Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin simvoludur. Xüsusən də qardaş ölkənin artan hərbi gücü Türk dünyasına mənsub olan hər bir insan üçün qürur yeridir. Məhz İkinci Qarabağ müharibəsi boyunca da Türkiyə bizim yanımızda idi. Bu, bizə böyük mənəvi güc, dayaq oldu.
Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Ölkələrimiz arasında Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi yer tutur. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.
Çıxışı zamanı Türkiyə liderinin vurğuladığı daha bir məsələ Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi məhdudiyyətlə bağlı idi. Türkiyə Prezidenti buna qəti şəkildə etiraz etdiklərini vurğulayıb. O, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib.
İki ölkə liderlərinin görüş zamanı müzakirə etdikləri digər bir məsələ Qafqazda sülh və sabitliklə bağlı idi. R.T.Ərdoğan Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını vurğulayıb, eyni zamanda pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. O, Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini də təkrar qeyd edib. Azərbaycanla-Türkiyə əməkdaşlığından bəhs edən Prezident Ərdoğan ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi yardımından bəhs edərək Kahramanmaraşda 320 hektar sahədə 1000 yaşayış evi və 799 iş yeri tikdiyini xüsusi vurğulayıb.
Xatırladaq ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artıq 7,5 milyard dollara çatıb. Bəlkə də bu göstərici əvvəlki illər üçün fantastik hesab oluna biləri. Lakin ölkə başçılarımızın yorulmaz fəlaiyyəti və həyata keçirdikləri strategiya sayəsində artıq realdır. Azərbaycan və Türkiyə qarşıya qoyduqları hədəflərə doğru dinamik inkişaf xətti və inamla irəliləyir. Bildiyimiz kimi, bu gün müasir dünyamızda enerji və nəqliyyat təhlükəsizliyi gündəmdə dayanan başlıca amillərdəndir. Həm Azərbaycan, həm də Türkiyə bu iki məsələdə qlobal arenada vacib aktorlardan hesab olunur. Təkcə ötən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib.
Azərbaycan-Türkiyə qarşılıqlı əməkdaşlığı çərçivəsində qarşıya qoyulan yeni hədəflər sırasında təhsil məsələsi də mühüm rol oynayır. Sevindirici haldır ki, ortaq təhsillə bağlı Türkiyə-Azərbaycan Universitetinin yaradılması qərarı qəbul edilib. Bu təhsil ocağının yaradılması təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, innovativ, savadlı, hazırlıqlı gənc kadrların yetişdirilməsi üçün müstəsna atılmış addımlardandır. Gənc nəsillərin Azərbaycan və Türkiyənin ortaq dəyərləri əsasında təhsil alması, həmçinin ortaq türk dünyası maraqlarının mühafizəsi və müdafiəsi üçün zəruridir.
İki ölkə liderlərinin son görüşününü təhlili bizə onu deməyə imkan verir ki, iki qardaş dövlətin siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsində, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Aydın Tağıyev,
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü,
müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin