Güclü etnik, mədəni və tarixi bağlarla birləşən, özlərini “bir millət - iki dövlət” adlandıran Azərbaycanla Türkiyə əlaqələri yeni dövrdə yeni hədəflərə doğru yol alır. Hər iki ölkə inkişaf edib, gücləndikcə, bu, yaradılan əlaqələrin də keyfiyyətinə müsbət təsir edir. Tərəflər arasında daha möhkəm əlaqələr yaratmaq üçün formatlar axtarılır.
Məhz növbədənkənar prezident seçkilərində qələbəsindən sonra Prezident İlham Əliyevin Fevralın 19-da ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisi və iki qardaş dövlətin bir-birinə bağlılığının ən mühüm təzahürüdür.
Təbii ki, bizim strateji tərəfdaşlığımız bölgənin siyasi, o cümlədən iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Sirr deyil ki, 2020-ci ildə Ankara ilə Bakı arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəldi. İkinci Qarabağ müharibəsi nümunəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu bütün dünyaya aşkar oldu. Türkiyənin siyasi dəstəyi qələbəmizdə böyük əhəmiyyət daşıdı. İki qardaş ölkənin bütün məsələlərdə yan-yana duruşu, əzmi, iradəsi, bir-birini dəstəkləməsi yeni inkişaf xəttini şərtləndirdi.
Prezident Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini açıqlayıblar.
Türkiyə lideri Azərbaycan və Türkiyənin iqtisadi – ticari əməkdaşlığının daha da güclənməsinə işarə olaraq ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ilk dəfə 7,5 milyard dollar səviyyəsinə yüksəldiyinin vurğulayaraq, gələcəkdə bu rəqəmi 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib. R.T. Ərdoğan Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi məhdudiyyətə qəti şəkildə etiraz etdiklərini də vurğulayıb. O, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib.
Ölkə başçılarının birgə mətbuat konfransında səsləndirdikləri fikirlər xüsusi məqamlarla yadda qaldı. Prezident İlham Əliyev iki ölkə birliyinin yalnız bizim region üçün deyil, eyni zamanda Avrasiya üçün də önəmli amilə çevrildiyini vurğulayıb və Türkiyənin bölgədə sülhün təminatçısı olduğunu bildirib.
Prezident növbəti dəfə açıq şəkildə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra uzun müddət ölkəmizin ərazisində kök salan separatçı rejim tam zərərsizləşdirildi və bundan sonra Azərbaycanda belə qüvvələrə heç vaxt yer olmayacaq. Dövlətimizin başçısı çıxışı zamanı bir daha türk xalqlarının birliyi məsələsinə toxunub. O, cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçiriləcəyini vurğulayıb. Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda iştirak edəcəyini bildirməklə türk xalqlarının güclənməsinə və birliyinə növbəti dəfə təkan vermiş oldu.
Mətbuata açıqlaması zamanı Prezident İlham Əliyev iki ölkə arasında hərbi sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb: “Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”.
Görüş zamanı Azərbaycan və Türkiyə liderlərinin inamlı çıxışları, ötürdükləri mesajlar bu görüşü müsbət xarakterizə edir. Ölkə başçısının səsləndirdikləri mesajlar Azərbaycan-Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter aldığını bir daha təsdiq edir. Həmçinin bundan sonrakı dövrdə ölkələrimiz arasında bütün sahələrdə güclü əməkdaşlığın dinamik sürətlə inkişaf etdiriləcəyindən xəbər verir.
Afaq Rza
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin