Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Bu barədə ANmedia.az Müdafiə Nazirliyindən məlumat verilib.
Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar, müdafiə nazirinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Bildirilib ki, qabaqcıl metodlardan və yüksək texnologiyalardan istifadə etməklə qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə cari tədris ilində əsas məqsəd bölmələrin idarəedilməsində operativliyin artırılması, onlar arasında uzlaşmanın təşkili, hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən bölmələr təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin