İşğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədlə “SOCAR PETROLEUM” QSC tərəfindən növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. SOCAR brendli modul tipli YDS Füzuli şəhərində yerləşir.
QSC-dən ANmedia.az-a verilən məlumata görə, yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Beyləqan, və Füzuli rayonlarının ərazisindən keçir.
“Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Artıq Qarabağ və Şərqi Zəngəzurda - Füzuli, Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında fəaliyyət göstərən SOCAR brendli YDS-lərin sayı 9-a, ümumilikdə isə ölkə ərazisində 59-a çatdırılıb.
“SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin