Energetika naziri Pərviz Şahbazov “China Energy” şirkətinin prezidenti Çiao Subinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ANmedia.az bildirir ki, görüşdə Azərbaycanla Çin arasında dostluq münasibətlərinin enerji əməkdaşlığı üzrə inkişafından məmnunluq ifadə edilib. Bu xüsusda, bu ilin iyun ayında Energetika Nazirliyi ilə “China Gezhouba Group” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq bərpa olunan enerji layihələrinin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. “Yaşıl enerji”nin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğu vurğulanaraq daxili istehlak və ixrac məqsədli külək və günəş enerjisi üzrə istehsal güclərinin, həmçinin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin yaradılmasından bəhs edilib. Bildirilib ki, bu layihələr bərpa olunan enerji sahəsində geniş əməkdaşlığı təşviq edir və ölkəmiz Çin şirkətləri ilə “yaşıl enerji” tərəfdaşlığının qurulmasında maraqlıdır.
Müzakirələr zamanı “China Energy” şirkəti ilə enerji saxlanc sistemləri, “yaşıl hidrogen”in istehsalı və ixracı, qabaqcıl ötürücü və paylayıcı şəbəkə texnologiyaları və digər prioritet istiqamətlər üzrə birgə əməkdaşlıq imkanları dəyərləndirilib. Müəyyənləşdirilən layihələrlə bağlı fəaliyyətin sürətləndirilməsi tövsiyə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin