Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiri Mənsum İbrahimov “Əsrin aydınları” jurnalına müsahibə verib. ANmedia.az həmin müsahibəni təqdim edir.
- Salam, xoş gördük, hörmətli Mənsum müəllim. İlk olaraq dəvətimizi qəbul etdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Müsahibəmizə uşaqlıq illərinizə kiçik səyahət etməklə başlamaq istərdik. Ağdamda yaşadığınız uşaqlıq xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
- Bütün müsahibələrimdə qeyd etdiyim kimi ömrümün ən yadda qalan anları Qarabağda keçirtdiyim qayğısız uşaqlıq illərim, xatirələrimdir. Hər kəsin özü üçün yaratdığı bir uşaqlıq hekayəsi vardır. Mən 1960-ci il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində ziyalı ailəsində anadan olmuşam. Kəndimiz çox gözəl, mənzərəli yerdə yerləşirdi. Kəndin ətrafındakı nadir və yeni ağaclarla zəngin olan meşəyə quzuları apararkən özümüz də səs-səsə verib oxuyardıq. Bildiyiniz kimi Qarabağda demək olar hər kəsin gözəl səsi var. Ailədə atam, anam, 7 qardaş, 2 bacı olmuşuq. Mən ailənin ikinci övladıyam. Çoxuşaqlı ailə olmağımıza baxmayaraq, olduqca xoşbəxt idik. Musiqinin, muğamın olduğu bir mühitdə böyüdüyüm üçün uşaqlıqdan ifaçılığa böyük həvəs yaranmışdı. Səsim olduğu üçün müəllimlərimin dəstəyi ilə məktəbimizin bütün tədbirlərində hər zaman çıxış etmişəm.
- İlk oynadığınız rolunuzu, səhnənizi necə xatırlayırsınız?
- İlk rolumu ifa edənə kimi uzun təhsil yolu keçmişəm. Onu qeyd edim ki, Bakıya gələndən sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikomununun muğam şöbəsinə qəbul olmuşam. Orada Vahid Abdullayevdən dərs almışam. Üçüncü kursda oxuyan zaman “Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı” müsabiqə keçirilmişdi. Həmin müsabiqədə muğam üzrə birinci yerin qalibi oldum. Münsiflər heyətində bizim böyük sənətkarlarımız Şövkət Ələkbərova, Gülağa Məmmədov və Nəriman Əliyev var idi. Şövkət xanımla tanışlığımız da məhz bu tədbirdən sonra başladı. Diplomumu təqdim edəndən sonra məni sinfinə dəvət etdi. Şövkət xanımın məsləhəti ilə həmin il məni Azərbaycan Opera və Balet Teatrına qəbul etdilər və mənim opera yaradıcılığım başlamış oldu. Təbii ki, ilk olaraq mən orada kiçik rollarda çıxış etməyə başladım. “Leyli və Məcnun”da Zeyd, İbn Salam və başqa obrazlar oynadığım kiçik rollardan idi. Bu rolları ifa etməklə, səhnədə obrazı yaşamağı öyrəndim. Daha sonra Məcnun obrazını mənə həvalə etdilər. Bu obrazı oynamaq üçün rejissor Hafiz Quliyevlə birgə 8 ay işlədik. Hazır olandan sonra ilk Məcnun obrazında səhnəyə 1993-cü ildə Gülyaz xanımla çıxmışam. Böyük maraqla qarşılanan bu tamaşanı Azərbaycan Dövlət Televiziyası lentə almışdı. Keçmiş mədəniyyət nazirimiz Polad Bülbüloğlu da bu tamaşanı canlı izləyənlər arasında idi. İlk dəfə idi ki, iki gənc Leyli və Məcnun obrazlarını ifa edirdi. Bununla bağlı bütün dövlət qəzetlərində yazılar dərc olunmuşdu. Deməzdim ki, Məcnun obrazını həmin tamaşada mükəmməl ifa etmişdim. Sözsüz ki, illərlə təcrübə qazanmaqla ən yüksək səviyyədə bu obrazı canlandırmağa başladım. Tamaşaçı da artıq məni Məcnun obrazında qəbul etməyə başlamışdı. Bu əsər mənim bütün həyatımı dəyişdi. Geniş tamaşaçı kütləsində tanınmağıma, televiziya verilişlərinə dəvət olunmağıma səbəb oldu. Və bu obrazla mənim əsas yaradıcılıq fəaliyyətim başlamış oldu.
- Məcnun rolunu ilk dəfə ifa edəndə hansı hissləri keçirmisiniz?
- Bu günə qədər 144 dəfə Məcnun rolunu ifa etmişəm. Hər dəfə də sanki Üzeyir bəyin qarşısında bir imtahan verirmiş kimi hiss edirəm. Bu əsəri çox sevdiyimə görə hər zaman roluma yeni həyəcan və məsuliyyətlə yanaşmağa çalışmışam. Hər tamaşaya həftələrlə hazırlaşıram. Özümü həmin rola uyğun ruhən və daxilən nizamlayıram. Bu günə qədər “Leyli və Məcnun” tamaşasında 10 tərəf müqabilim olub ki, bunlardan doqquzu Azərbaycan sənətkarı olub. Biri isə Ankara Dövlət Teatrında birgə rol aldığım türk sənətçisi olub. Məcnundan başqa bütün obrazları (orkestr, xor, balet) türk sənətçiləri ifa edirdilər. Həmin tamaşada mənimlə birgə müşaiətçilərim Elçin Həşimov, Elnur Əhmədov, drijor Fəxrəddin Kərimov, rejissor Əflatun Nemətzadə də iştirak etmişdilər.
- Bildiyimiz kimi 7 əsas Azərbaycan klassik muğamı var. Sizə ən yaxın olan muğam növü hansıdır?
- Bəli, 7 muğamımızın eyni zamanda törəmə, ikinci dərəcəli, kiçik həcimli muğamları da var. Məsələyə bir peşəkar kimi yanaşsaq bunların hər biri bizim üçün əzizdir. Muğamın öz xasiyyəti, xarakteri var. Azərbaycanlı sənətkar olaraq mənim ruhuma daha yaxın olan segah muğamıdır. İlk dəfə bu muğamı biz anamızın laylasında eşitmişik. Bu səbəbdən də segah muğamı bizim ruhumuzda, qəlbimizdə məskən salıb.
- Bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etmisiniz. Bu necə bir hissdir?
- Olduqca gözəl bir hissdir. Bu günə qədər 50-dən artıq ölkəyə səfərlərimiz təşkil olunub. Bəzi ölkələrə dəfələrlə getmişik. Dünyada Azərbaycan musiqisinə, muğamına maraq çox böyükdür. Bildiyimiz kimi Heydər Əliyev Fondunun yaradılmasından sonra bu sahəyə qayğı və diqqətin artırılması istiqamətində bir çox layihələr icra edildi. Fondun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsən özünün muğamımızın tanınması sahəsində rolu və xidmətləri əvəzsizdir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən başlayaraq Muğam Televiziya Müsabiqələrinin keçirilməsi atılan ən gözəl addımlardan idi. Bu günə qədər ümumilikdə 8 yerli, 6 beynəlxalq muğam müsabiqəsi keçirilmişdi. Bununla da onlarla gənc xanəndə bizim muğam səhnəmizə gəlib. Onların arasında günümüzdə fəxri adlara layiq görülənlər, Azərbaycan Opera və Balet Teatrının solistləri, Azərbaycan Dövlət Televiziyasının solistləri, pedaqoji fəaliyyətlə məşğul olanları da vardır. Maraqlı bir faktı da qeyd edim ki, son 3-4 müsabiqənin qalibi məhz birinci müsabiqənin qalibi olan dəyərli sənətkarımız Təyyar Bayramovun yetirmələridir. Bu da muğamımızın inkişafında bizim üçün çox böyük bir göstəricidir.
- Səfərləriniz zamanı ən çox hansı ölkənin tamaşaçıları sizi yaxşı mənada təəccübləndirib?
- Hər ölkənin maraqlı və fərqli tamaşaçı auditoriyası var. Musiqinin dili olmadığı üçün o hər kəsə yaxşı mənada təsir edir. Bir xatirəmi sizlərlə bölüşmək istərdim. Riqaya səfərimiz zamanı təşkil olunan konsertdə Latviya prezidenti də iştirak edirdi. Konsertdən sonra bizimlə görüşüb təəssüratlarını bölüşdü: “Muğam sanki yerin deyil, səmanın musiqisidir. Bu musiqi insanı alıb göylərə aparır”. Danimarkanın Kopenhagen şəhərində təşkil olunan məşhur “Vomeks” beynəlxalq musiqi festivalında “Qarabağ” muğam qrupum ilə birgə iştirak etmişdik. Biz 30 ilə yaxındır ki, qrupumuzun üzvləri xalq artisti Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov və Kamran Kərimovla birlikdə musiqimizi dünyada tanıdırıq. Çıxışımızdan sonra kanadalı jurnalist səhnəyə qalxıb bayrağımızı öpüb bildirdi: “Bu cür musiqisi olan bir millətin, xalqın qarşısında baş əyirəm”. Belə anları yaşayan zaman təbii ki, insan qürur hissi keçirdir. Belə xatirələrimiz çoxdur, demək olar ki, hər səfərimizdə yaddaqalan hadisələrlə qarşılaşırıq. Bizim musiqimizə, muğamımıza qarşı dünyada sonsuz sevgi, hörmət var. Bir sənətkar olaraq bu hal məni çox sevindirir.
- Hal-hazırda ötən əsrin musiqilərini, xalq mahnılarını yeni formada təqdim etmək məqsədilə aranjiman edirlər. Buna münasibətiniz necədir?
- Əgər bu iş peşəkar səviyyədə görülürsə çox yaxşı bir haldır. Musiqi daim yeniliyi sevən bir sahədir. Məsələn, 50 il əvvəlki ifa ilə bugünkü ifa arasında fərq böyükdür. Bu ənənə növbəti 50 illiklərdə də davam edəcəkdir. Dünyamız inkişaf edən xətt üzərindədədir. Bu da bütün sahələrdə dəyişiklikləri labüd edir. Mən düşünürəm ki, bəstəkar musiqilərini də məzmununa xələl gətirmədən aranjiman etmək olar. Lakin bunu peşəkarlar etməlidirlər. Bu musiqinin inkişafı, yeni nəsillərə çatdırmanın yollarıdır.
- Mənsum müəllim, sizcə bundan sonra yeni muğam növləri yarana bilərmi?
- Muğamlar artıq ustadlarımız tərəfindən yaranıb və yeni muğamların yaranma ehtimalı yoxdur. Bundan sonra bu istiqamətdə yalnız təkmilləşmə gedə bilər. Muğamın hər ifası ona yeni nəfəs gətirir. Mövcud olan muğamlarımızı qoruyub saxlamaqla musiqimizə töhfə vermiş olarıq.
- Muğam ifaçılarının bugünkü fəaliyyətini necə dəyərləndirirsiniz?
- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi Heydər Əliyev Fondunun Azərbaycan muğamının inkişafı istiqamətində gördüyü işlər əvəzolunmazdır. Muğamımız bu gün intibah dövrünü yaşayır. Bu zamana kimi sənətimizə indiki qədər gənc muğam işaçısı gəlməyib. Bu bizim zənginliyimizdir, muğamımızın inkişafıdır. Nəticə olaraq bütün hallarda bizim muğam sənətimiz qazanır. Muğamımızın tədrisi üçün də hər cür şərait yaradılıb. Bizim əsas vəzifəmiz də gənclərə muğamı ən yüksək səviyyədə öyrətmək, onlara sənət yolunda dəstək olmaqdır.
- Peşəkar müəllim olaraq xanəndələrimizdə sizi qane etməyən məqamlar hansılardır?
- İlk olaraq qeyd edim ki, bu sahədə istedadlı gənclərimizin olması məni çox sevindirir. Lakin buna baxmayaraq sözsüz ki, müəyyən qədər çatışmayan cəhətlər də var. Bəzən gənc ifaçılarda tənbəllik yaranır. Azərbaycanın ən gözəl xanəndələri, ustadları Azərbaycan Milli Konservatoriyasında tədris aparırlar. Tələbələrə hər zaman yaradılan bu gözəl şəraitdən istifadə etmələrini tövsiyə edirəm.
- Ürəyində hər zaman torpaq həsrəti olan bir millət kimi şücaətli ordumuzun və Ali Baş Komandanımızın səyi nəticəsində qələbə sevincini yaşamış olduq. Ən böyük arzularımızdan biri də işğaldan azad olunmuş torpaqlarımızda milli musiqimizin səslənməsi idi. Siz bu xoşbəxtliyi yaşayanlardan oldunuz. Bu barədə fikirləriniz, keçirdiyiniz hissləriniz bizlər üçün maraqlıdır.
- Əlbəttə, hər bir azərbaycanlı üçün Qarabağımızın azadlığına qovuşması qürur hissidir. Təbii ki, həmin torpaqlarda doğulan, uşaqlıq xatirələri olan biri üçün bu ikiqat sevinc və qürur hissi idi. 30 il Vətən həsrəti, torpaq yanğısı ifamızda da özünü göstərirdi. Müzəffər ordumuzun 44 gün ərzində apardığı hərbi əməliyyatları, Ali Baş Komandanımızın düzgün siyasəti nəticəsində mənfur düşmənlər yurdumuzdan çıxarıldı. İllər ərzində xarabalıqlara çevrilən torpaqlarımız dövlətimizin səyi sayəsində gülüstana çevriləcək zamanla. Bu istiqamətdə bir çox addımlar atılmış, işlər görülmüşdü. Artıq abadlaşdırılan ərazilərimizdə insanlar məskunlaşır, normal həyat fəaliyyətinə başlayırlar. Ağdam işğaldan azad olunduqdan sonra oranı ziyarət etdik. İlk dəfə olaraq Ağdam məscidində azan oxudum. Ətrafa ürək yanğısı ilə baxırdım. Gənclik illərində çıxdığım Ağdamdan əsər-əlamət qalmamışdı. Həmin günlərdə xarici qonaqların iştirakı ilə ora bir neçə dəfə səfərimiz oldu. Ağdam Dram Teatrının qarşısında kiçik bir konsert verdik. Bundan sonra da bizim Qarabağ torpaqlarına dəfələrlə səfərlərimiz oldu. Hər səfərimdə sevinc, qürur hissi yaşayıram. Dədə-babalarımızın ruhlarının olduğu torpaqlarda bu gün canlanma gedir. Artıq Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə də Azərbaycan bayrağı dalğalanır. Şəhidlərimizin, qazilərimizin sayəsində bu gün bir millət olaraq alnımız açıq, başımız dikdir. Bizim ailəmiz də 44 günlük haqq savaşında şəhid verdi. Qardaşımın oğlu İsrafil İbrahimov xüsusi təyinatlı olaraq 44 günlük Vətən müharibəsində 30 gün döyüşərək şəhidlik məqamına yüksəldi. Bütün şəhidlərimizin qarşısında hər zaman bizim mənəvi borcumuz var. Onlar bir an belə düşünmədən özlərini bizlərə sipər etdilər. Təbii ki, şəhidsiz Vətən olmur. Qarabağımızın hər qarışı bizim üçün əzizdir, müqəddəsdir.
- Son olaraq Azərbaycan gəncliyinə tövsiyələrinizi bizimlə bölüşə bilərsinizmi?
- İkinci Qarabağ müharibəsi gəncliyimizin nə qədər güclü, vətənpərvər, qorxmaz olduğunun əyani sübutu idi. Bu danılmaz həqiqətdir. Bundan sonra gənclərimizin öhdəsində böyük vəzifələr var. Azərbaycanımızın gələcəyi onlardan asılıdır. Onlara ən vacib tövsiyəm yaxşı təhsil almaq, ölkəmizin inkişafı naminə çalışmaqdır.
- Hörmətli Mənsum müəllim dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edir, gələcək fəaliyyətlərinizdə sizə möhkəm can sağlığı və bol uğur arzu edirik.
- Məndə "Əsrin Aydınları" jurnalının rəhbərliyinə, sizə təşəkkürünü bildirirəm. Jurnalınızın uzun ömürlü və oxunaqlı olacağına əminəm, çünki adından da göründüyü kimi cəmiyyətimizin inkişafında rolu olan aydın insanları qələmə alır və insanlara çatdırılmasında böyük işlər görürsünüz, bu yolda sizə uğurlar arzulayıram.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin