Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 9-10-da Aşqabad şəhərində keçirilmiş, informasiya təhlükəsizliyi, rabitə, rəqəmsal transformasiya, “ağıllı şəhər” texnologiyaları və innovasiyalara həsr olunmuş “TürkmenTEL-2023” adlı beynəxalq sərgi-konfransda iştirak edib.
ANmedia.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, informasiya-kommunikasiya texnologiyaları üzrə rəhbər şəxslər, ekspertlər və innovatorların qatıldığı, təcrübə mübadiləsi, şəbəkələşmə imkanları və əməkdaşlığın təşviq edildiyi tədbirdə A.İsmayılov informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi, eləcə də Xidmətin digər fəaliyyət istiqamətləri haqqında çıxış edib.
Tədbir çərçivəsində Dövlət Xidməti Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyi “Türkmenaraqatnaşık” ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb. Tədbirdə həmçinin İT həllər, yeni texnologiyalar və peyk rabitəsi, informasiya təhlükəsizliyi sahəsində əldə olunmuş ən son nailiyyətlər və tendensiyalar mövzusunda təqdimatlar, interaktiv panel müzakirələri, texniki sessiyalar və nümayişlərə də yer ayrılıb.