Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib.
ANmedia.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.
O bildirib ki, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur.
M.Babayev söyləyib ki, dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur:
"Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir".
Nazir qeyd edib ki, yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür. O bildirib ki, buna görə də məsələyə xüsusi diqqət yetirilməlidir.
"Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin dəyişməsi tendensiyası nəzarətdə saxlanılır. Müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar", - Muxtar Babayev vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin