Yanvarın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb.
Anmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Səmimi qəbula görə təşəkkür ifadə olunaraq iki ölkə arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğu vurğulanıb. Bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyi qeyd edilib.
Baş prokuror Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən terrorçuluqla mübarizə, qanunsuz miqrasiya, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Azərbaycan və Almaniyanın prokurorluq qurumları arasında əlaqələrin gücləndirilməsi və gələcəkdə daha da intensivləşdirielməsi məqsədilə əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.
Görüşdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin