Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa şəhərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, nümayəndə heyətini Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.
Sonra TBMM-in nümayəndə heyəti Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.
Qonaqlar Saatlı və Yuxarı Gövhər ağa məscidlərində, Cıdır düzündə olmuş, Şuşanın Qala divarlarını seyr etmişlər. Cıdır düzündə qonaqlara məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin