- "Əsrin Aydınları" jurnalının bu günki qonağı yaradıcılığında öz dəst-xətti ilə seçilən, yazdığı əsərləri hamı tərəfindən rəğbətlə qarşılanan yazıçı, publisist İlqar Rəsuldur. Xoş gördük İlqar bəy, istərdik bizə və oxucularımıza özünüzü təqdim edəsiniz.
- Salam, xoş gördük. Mən 1966-cı il oktyabrın 11-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam. Orta təhsilimi Ağdam şəhərində almışam. Uşaqlığım doğma diyar Şuşada keçib.1995-ci ildən başlayaraq ölkənin tanınmış mətbuat orqanlarında, Azadlıq Radiosunun (ABŞ) Azərbaycanda Parlament və Prezident Administrasiyası üzrə xüsusi müxbir vəzifəsində, APA Holdinqin tərkibində fəaliyyət göstərən APA TV-nin baş direktorunun müşaviri vəzifəsində çalışmışam. Halhazırda isə Azərbaycan Tərcümə Mərkəzi İnformasiya Departamentinin rəhbəriyəm. Ailəliyəm və bir övladım var. Həyat yoldaşım Almaz Mahmudla həmkarıq, peşəkar jurnalistdir, Bakı Dövlət Universitetində müəllimdir.
- İlqar Rəsul bəy yaddaşınızdan silinməyən və hər dəfə sevinclə yada salacağınız uşaqlıq xatirələriniz varmı? Həmin xatirələrinizi bizimlə paylaşarsınızmı?
- Mən çox ideal bir ailədə böyümüşəm. Uşaqlıq illərim çox gözəl keçib, əsasəndə Şuşada. Yadımdadır ki, biz bacı və qardaşımla küçədə oynayardıq. Həmişə xüsusi su maşınları ilə yuyulardı əsas küçələr. Bizdə həmin su maşınının arxasınca qaçar və su ilə oynayardıq. Maşından tökülən su sanki yağış idi, çox islanardıq, əylənərdik uşaqlarla birgə.
- Hər kəsin fərqli yaradıcılıq hekayəsi var, bəs sizin? İlk dəfə yazmağa nə vaxt başlamısınız?
- Mənə görə, hərkəs yaza bilər ancaq professional yazmaq başqa məsələdir. Mən hesab edirəm ki, məndə bu həm istedad həmdə genetic kodumdur. Çünki atam və qardaşlarımda da bədii yaradıcılığa daima maraq göstəriblər. Uşaqlıqdan biz mütaliələr edirdik, kitab oxumaq bizim həyat tərzimiz idi. Mən hekayələr yazmağa məktəb illərindən başlamışam. Amma professional yazılarım 1995-ci ildən mətbuatda dərc olunur. Bu illərdə mən həm iş təcrübəm və topladığım bilik, bacarıq sayəsində daha mükəmməl yazılar yazmağa başlamışdım. Jurnalistika sahəsi mənə çox şey öyrətdi və bu mənim bədii yaradıcılığıma birbaşa təsir etdi. Xüsusi bir ilham aldığım nələrsə var desəm, bəlkədə doğru olmaz. Mən hər zaman yazmağı sevirəm, yazmaq mənim həyat tərzimdir.
- Hər bir yazarın öz sujet xətti var. Hekayə və romanlarınızı oxuyarkən əsasən həyat, insan, sevgi, müharibə və digər nüansları daima vurğuladığınız sezilir. Yazdığınız hekayə və romanlarda daha çox nəyi önə çəkirsiniz?
- Mənim yazdığım hekayə və romanlarda ana sujet məhz insandır və insan taleyidir. Mən hər zaman çalışmışam insanlardan yazım. Üç, dörd cümləlik hekayələrdən tutmuş romanlarıma qədər əsas mərkəz məhz insandır.
- Yazarlarda xüsusi istedad var, onlar cansız əşyaları da müəyyən çalarlarla bəzəyib danışdıra bilir və ya hər hansısa hadisələri öz təxəyyülü əsasında qələmə alır. Bəs sizin əsərləriniz neçə faiz həqiqət, neçə faiz təxəyyüldür?
- Mənim romanlarımla, hekayələrimin çoxu real həyatdan götürülüb və yaşanmış həyat hekayələridir. Məsələn, “Getmə” romanımın təxminən 50 %-i, “Sara” adlı romanımın isə 70 %-i məhz real qəhrəmanların həyatını əks etdirir. Hətta “Sara” adlı hekayəmin qəhrəmanları hələdə sağdılar. “Katyuşa” adlı romanım isə tamamən təxəyyülümün məhsuludur, burada 6-7% real həyat hekayələri üzərində qurulub.
- Özünüzü uğurlu insan hesab edirsinizmi, yaradıcılığınızda və şəxsi həyatınızdakı uğurları kimə borclusunuz?
- Hesab edirəm ki, mən hər iki aspektdə uğurlu insanam istər yaradıcılığımda istərsə şəxsi həyatımda. Uğurlarımın və uğurlu olmağımın əsas səbəbləri məhz doğulub boya başa çatdığım ailəmdi. Atam jurnalistika fakultəsini bitirmişdi, məmur idi, anam Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirmişdi, kitabxana direktoru vəzifəsində çalışırdı. Qardaşlarım və bacımda tam ali təhsillidilər. Biz demək olar ki, hamılıqla elmə, savada, kitaba bağlı idik. Evimizdə şəxsi böyük kitabxanamız vardı. O kitablar bizə həm zəngin dünyagörüşü həmdə səlist nitq qabiliyyətini aşılamışdı. Sonrakı illərdə isə ailədə xanımımla bərabər bu ailə mühitini davam etdirdik. Mənə görə mühit, ailə, bilik və istedad uğurun əsasını təşkil edir.
- Övladınızın gələcəkdə yazar olmasını istərdiniz və ya onda bu istedad işığını kəşf etmisiniz?
-Oğlum diplomatiya sahəsi üzrə xaricdə təhsil alır və bu sahə üzrə çox geniş bilik və təcrübəyə yiyələnib. Güman edirəm ki, yaxın gələcəkdə öz sahəsi üzrə əsərlər yazar. Çünki onun qarşısına açılan dünya daha fərqli və daha genişdir.
-Publisist, yazıçı İlqar bəyə görə ən uğurlu əsəri və ya romanı hansıdır?
- Mənim “Getmə” adlı romanım 2017-ci ildə nəşr olunub. Bu roman insan taleyindən bəhs edir və psixoloji fəlsəfi məqamlardan ibarətdir. İllərdi ki, həmin romanım insanlar tərəfindən sevilərək oxunulur və çox sayda xoş rəylər alıram.
- İlqar bəy, sizcə gənclərimizin mütaliəsi hansı səviyyədədir?
-Bəzən insanlar arasında fikirlər tamam fərqli olur, orta yaşlı toplum indiki gəncliyin kitabsevərliyini dəyərləndirir bəzənsə narazılıq bildirirlər. Məncə burada bir xüsusi nüansı unudurlar. Texnologiyanın inkişafı nəticəsində gənclərimiz daha çox mütaliə edir, keçmişə nəzərən daha çox kitablara meyillidirlər. Hər əlində telefon olan gənc oyun oynayır deyə qınaya bilmərik. Xüsusi proqramlarla gənclərimiz dünya ədəbiyyatının incilərini, kütləvi informasiya mənbələrindən maraqlı məlumatları istər ana dilimizdə istərsədə müxtəlif dillərdə dinləyir və öyrənirlər. Kitab sərgilərində, imza günlərində iştirakçıların çoxu məhz gənclərdir. İndiki gənclər keçmişdəkilərə nəzərən daha intelektual biliyə, dərin dünyagörüşünə sahibdirlər.
- Bəzən əsər və romanları oxuyarkən insan həmin emosiya və təəssüratlara yüklənir və bu vəziyyətdən günlərlə çıxa bilmir. Bu nə dərəcə də düzgün təhlildir?
- Bəli, belə hallar qaçılmazdır. Hiss və emosiyalara qapılmaq və əsərin təsirində qalmaq əslində sujet xəttinin, hekayənin mükəmməlliyindən irəli gəlir. Lakin hərkəs bu təsir dairəsində olaraq kitabı kimlərəsə məsləhət etməsi, təhlil etməsini düzgün hesab etmirəm. Yazılmış hekayə və romanlar hamıya eyni hissləri aşılaya bilməz, hamının özünə məxsus həyat hekayəsi, fərqli təsir dairəsi və analiz etmə qabiliyyəti var.
- Günümüzdə gənc yazarlar çoxdur. Ədəbiyyatımızda yer alan əsər və hekayələri necə dəyərləndirmək olar? Onlara tövsiyəniz nə olardı?
- Yazanlar çoxdur, lakin keyfiyyətli və professional yazmaq daha önəmlidir. Bunun üçün dünyagörüşü, bilik və istedadın vəhdəti, iş təcrübəsi mühüm rol oynamalıdır. Mən hər zaman gənclərə dəstək olmuşam, onlara müəyyən məsələlərdə kömək etmişəm və hər zamanda onlara kömək etməyə, istiqamət verməyə hazıram. İstedadlı gənclər hər zaman öz üzərində işləməli, dünyagörüşlərini artırmalıdırlar. Çox kitab satışı keyfiyyətli əsərin olmasından xəbər vermir bəzən. Hər hansı bir əsərin, yazının keyfiyyətli və uzun ömürlu, uğurlu olması üçün əsas məsələ oturuşmuş, yetkin təxəyyülün məhsulu olmasıdır.
- Sizə görə bir yazıçı tənqidə və ya irada nə qədər açıq olmalıdır?
- Bizim ədəbiyyatımızda ədəbi tənqidlə məşğul olanlar var. Hər iradın hər tənqidin özündə belə öyrəniləcək yaxşı nələrsə var. Sözün açığı mən özüm və yazılarım haqqında hələdə ciddi tənqid və ya irad bildirənlərə rast gəlməmişəm.
- Halhazırda hansısa əsər üzərində çalışırsınızmı?
- Bəli, artıq demək olar ki, çox cüzi işləri qalıb, yaxın zamanlarda çapa veriləcək. Ümid edirəm ki, bu romanımda uğurlu olacaq. Günümüzdə çox yaxşı yazarlarımız və ərsəyə gələn oxunaqlı əsərlər çoxdur. Lakin bu günki ədəbiyyatımızda qarşıda duran problem təqdimatla, dünya ədəbiyyatına çıxışı ilə bağlıdı. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapar.
- İlqar Rəsul bəy "Əsrin Aydınları" jurnalının heyəti adından maraqlı müsahibə üçün öz dərin təşəkkürümüzü bildirir və işlərinizdə uğurlar arzulayırıq.
-Məndə sizə və "Əsrin Aydınları" jurnalının heyətinə minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin