“Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı olaraq onların təqaüdü ötən dövrdə altı dəfə artırılıb. Həmçinin, şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib”.
ANmedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev oktyabrın 14-də Baş nazir Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə “Gülüstan” sarayında keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” adlı konfransda deyib.
O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı da beş dəfə genişlənib:
“Son üç ildə 5 300, ümumilikdə isə 14 100 mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 500 avtomobil verilib”.
Nazir bildirib ki, postmüharibə dövründə Prezidentin göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib:
“O cümlədən 103 min şəxsə sosial ödəniş təyin olunub, 20 min şəxsin məşğulluğu təmin edilib, 51 min şəxsə reabilitasiya xidməti (o cümlədən 458 yüksək texnologiyalı protez) təqdim olunub”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin