Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında maraqlı növlərdən olan 300 metr məsafəyə tüfəngdən atəşaçma üzrə kişilər arasında mükafatçıların adına aydınlıq gəlib.
ANmedia.az xəbər verir ki, fəxri kürsünün ən yüksək pilləsinə Macarıstan təmsilçisi İştvan Peni qalxıb.
O, “gümüş”ün sahibi, norveçli Andre Kim Land ilə eyni xal (587) toplasa da, əlavə göstəricilərə görə rəqibini qabaqlayıb. Bürünc medal isə adı çəkilənlərdən 1 xal az toplayan ABŞ atıcısı Timoti Şerrinin olub.
Komanda yarışında Avstriya qızıl medal qazanıb. İsveçrə gümüş, Norveç isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.